"Düşünürəm ki, Allah onun xəstəlik dövründə ömrünü məhz sonuncu konsertini verə bilməsi üçün uzatdı. Çünki ən böyük və son arzusu bu idi. O, sənətinə də vida edəcəkdi. Deyirdi ki, artıq hər şeyi edib, xalqına çatdırıb. Bunun son olduğunu bilmirdi. Hələ çox arzuları var idi".


 


Sfera.az xəbər verir ki, bu sözləri Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Xəzər axşamı" verilişində deyib. O, bacısının son konsertində səhnə arxasında çox əziyyət çəkdiyini vurğulayıb:


 


"Biz konsertdə ağlamaqdan mahnıları eşitmirdik. O qədər ağladıq, özü də bunu görürdü. Yarım saatlıq simfonik əsərini təqdim edəndə, inanın, səhnənin arxasında o qədər çətin əziyyətlər çəkdi ki… Hamı deyir “konsert”, amma çox böyük əziyyət çəkdi. Ondan sonra çıxıb yenə də canlı oxudu".


 


Verilişin aparıcısı Mətanət Əliverdiyeva da onun bu sözlərini təsdiqləyərək konset əsnasında həkimlərin A.Bəylərə müdaxilələr etdiyini açıqlayıb:


 


"Onun ürəyinə dammışdı. Həmin gün hamı ilə, tamaşaçıları ilə vidalaşdı. Hamı onun vəziyyətini bilirdi. Həkimlər konsert boyu ona müdaxilə edirdilər, iynə vurulur, dərman verilirdi. Boşluq olmasın deyə musiqilər ifa edilirdi".


 


Qeyd edək ki, Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində Türkiyədə xərçəngdən vəfat edib.\axşam.az