ABŞ Prezidenti Donald Tramp 31-i Birləşmiş Millətlər Təşkilatına (BMT) aid olmaqla ümumilikdə 66 beynəlxalq qurumdan ölkəsinin geri çəkilməsini nəzərdə tutan prezident sərəncamını imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evdən yayılan yazılı açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub ki, imzalanan sərəncam ABŞ-nin artıq Amerika maraqlarına xidmət etmədiyi hesab edilən beynəlxalq təşkilatlardan çıxmasını nəzərdə tutur.
“Bu gün Prezident Donald Tramp Amerika milli maraqlarına uyğun olmayan 66 beynəlxalq qurumdan ABŞ-nin çəkilməsini əmr edən prezident sərəncamını imzalayıb”, – deyə Ağ Evin bəyanatında vurğulanıb.
Məlumata görə, sözügedən qərar həmin beynəlxalq təşkilatların ABŞ-nin milli maraqlarına zidd fəaliyyət göstərməsi ilə əsaslandırılıb. Sərəncama əsasən, ABŞ bu qurumlardan həm üzvlük, həm də maliyyə dəstəyi baxımından geri çəkiləcək. Bildirilib ki, geri çəkilən təşkilatların 31-i BMT strukturlarıdır.
Ağ Evin açıqlamasında konkret olaraq hansı beynəlxalq təşkilatlardan çıxıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Donald Tramp 20 yanvar 2025-ci ildə başlayan ikinci prezidentlik müddətinin ilk günlərində Paris İqlim Sazişindən və BMT İnsan Hüquqları Şurasından çıxmaq barədə qərar vermiş, həmçinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bayındırlıq Agentliyinə (UNRWA) ayrılan maliyyə vəsaitlərini dayandırmışdı.
Bəsti Rəfizadə
Sfera.az