Prezidentin məmur özbaşınalığı ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir. Dövlət başçısı açıq şəkildə vurğulayıb ki, yerlərdən daxil olan siqnallar əsasında ciddi və prinsipial qərarlar qəbul olunur və bu mexanizm onun üçün xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma, bir tərəfdən, məmurlar üçün məsuliyyətin artırılması, digər tərəfdən isə vətəndaşların proseslərdə daha fəal iştirakına çağırış kimi dəyərləndirilir. Prezident faktiki olaraq cəmiyyətə mesaj verir ki, idarəetmədə şəffaflıq yalnız yuxarıdan nəzarətlə deyil, aşağıdan gələn məlumatlar və ictimai mövqe ilə də təmin edilməlidir.


 


Bu kontekstdə əsas suallardan biri vətəndaşların məmur özbaşınalığına qarşı hansı formada və nə dərəcədə aktiv ola bilməsidir. Reallıqda bir çox hallarda insanlar yerli məmurlardan çəkinir, mümkün təzyiq və ya mənfi münasibətlə üzləşməmək üçün gördükləri qanunsuzluqları açıq şəkildə ifşa etməkdən çəkinirlər. Bu qorxu və tərəddüd illərlə formalaşmış psixoloji baryerlərlə də izah olunur. Lakin Prezidentin çağırışı həmin baryerlərin aradan qaldırılmasına yönəlmiş siyasi iradənin nümayişi kimi qiymətləndirilir. Bu, bir tərəfdən, cəmiyyət üçün stimul rolunu oynaya bilərsə, digər tərəfdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər üçün açıq “göz dağı” mesajıdır.


 


Ekspertlərin fikrincə, belə çağırışlar kadr siyasətində daha sərt və seçici yanaşmanın davam edəcəyindən xəbər verir. İctimai nəzarətin güclənməsi, yerlərdən gələn məlumatların operativ araşdırılması və nəticə çıxarılması dövlət idarəçiliyində məsuliyyət mexanizmlərini daha da möhkəmləndirə bilər. Bu isə o deməkdir ki, gələcək dövrdə həm məmurların davranışında daha çox ehtiyatlılıq, həm də vətəndaşların hüquq və ədalət tələbi ilə daha fəal mövqe tutması gözləniləndir.


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Bəhruz Məhərrəmli bildirib ki, dövlət başçısının sərəncamı ilə vəzifəyə təyin olunan hər bir məmura cənab İlham Əliyev şəxsən tövsiyələrini verir və onun işi və vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar gözləntilərini korrekt formada ifadə edir. 


 


Onun sözlərinə görə, ötən dövrün təcrübəsi və idarəçilikdəki səmərəli və çevik yanaşmalar göstərməkdədir ki, təyin olunan kadrlar bir qayda olaraq etimadı doğruldur və bu da öz növbəsində struktur islahatlarının çevik və səmərəli formada realizəsinə şərait yaradır:


 


“Lakin dövlət başçısının özünün də vurğuladığı kimi, bəzən təyin olunan kadrlar göstərilən yüksək etimadı doğrulda bilmir və korrupsiya meyillərinin, yaxud savadsız idarəetmə seçimlərinin qurbanına çevrilirlər. Əlbəttə, bu, arzuolunmaz haldır, lakin bütövlükdə etimadı doğrultmayan məmurların statistikası uğurlu təyinatlarla müqayisədə çox az faiz təşkil edir. Digər tərəfdən, dövlət başçısının etimadı doğrultmayan məmurlarla bağlı kifayət qədər qəti davranması, o cümlədən ictimaiyyətdən aidiyyəti məmurların pozuntuları ilə bağlı siqnallara ölkə rəhbərliyi tərəfindən çox çevik reaksiya verilməsi mənfi tendensiyaların şaxələnməsinə və miqyasının genişlənməsinə imkan vermir. Bu isə o deməkdir ki, tək-tək müşahidə olunan neqativ hallar bütövlükdə dövlət idarəçiliyini hansısa formada ləngitmir və verilən adekvat reaksiya cəzasızlıq mühitinə gətirib çıxarmır. Qeyd olunanlar fonunda əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda kadr böhranı mövcud deyil və cari insan kapitalı dövlət idarəçiliyinin çox səmərəli formada həyata keçirilməsində cənab İlham Əliyevin tələblərini qarşılayır”.


 


Firuzə Əliyeva


Sfera.az