ABŞ Prezidenti Donald Trampın 2027-ci il üçün hərbi xərclərin 1 trilyon deyil, 1,5 trilyon dollara qədər artırılacağı ilə bağlı açıqlaması beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Tramp bu qərarı dünyada artan hərbi-siyasi gərginlik, regional münaqişələrin dərinləşməsi və qlobal təhlükəsizlik risklərinin çoxalması ilə əsaslandırıb.


 


Xüsusilə Ukrayna müharibəsi, Yaxın Şərqdə qeyri-sabitlik, Asiya-Sakit okean bölgəsində Çin-Tayvan xətti üzrə artan qarşıdurma ehtimalları, eləcə də NATO daxilində təhlükəsizlik müzakirələri fonunda bu cür bəyanatlar “dünya yeni bir hərbi mərhələyə qədəm qoyurmu?” sualını aktuallaşdırır. Maraqlıdır, Trampın bu açıqlaması real hərbi hazırlığın göstəricisidir, yoxsa daha çox siyasi ritorika və diqqət cəlb etmək məqsədi daşıyır? 2027-ci ilə doğru beynəlxalq arenada hansı hərbi-siyasi proseslər baş verə bilər və ABŞ-ın mövqeyi bu proseslərə necə təsir göstərəcək?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Tramp diqqət çəkmək üçün belə çıxışlar edir.


 



 


Politoloqun sözlərinə görə, Tramp sadəcə prezident deyil, həm də bloqer


dir, biznesmendir:


 


“O, ilk prezidentllik dövründə də “X” platformasında çıxışlar edirdi. O bilir ki, insanlar onun çıxışlarını maraqla izləyir. Siyasət artıq texnologiyalaşıb. O da bundan istifadə edir”.


 


Ə.Məmmədli qeyd edib ki, ABŞ-nin ən azı bu il hansısa genişmiqyaslı müharibəyə girməsi gözlənilmir:


 


“ABŞ istəsə, Qrenlandiyanı müqavimətsiz götürə bilər. Kanada isə ingilis tacına tabedir, ABŞ oraya müdaxilə edə bilməz. Tramp hər istədiyini də edə bilməz. Tramp bir çox şeyi özündən asılı etmək istəyir, lakin ABŞ-də hər şey bir insandan asılı deyil. Orada ordu, department, maliyyə dairələri, biznes, konqresmen, mərkəzi kəşfiyyat idarəsi və s. var. Tramp mütləq iş görməmişdən əvvəl məsləhətləşməlidir. Orada hər kəs də onun kimi düşünmür. Bu səbəbdən onun bu çıxışı Üçüncü Dünya Müharibəsi olacağı demək deyil”.


 


Firuzə Əliyeva


Sfera.az