İranda artıq bir neçə gündür davam edən etiraz aksiyaları tədricən ölkənin müxtəlif regionlarını əhatə etməkdədir. Sosial-iqtisadi narazılıqlar fonunda baş qaldıran bu aksiyalar bir sıra şəhərlərdə kütləvi xarakter alsa da, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə ciddi etiraz dalğasının müşahidə olunmaması diqqət çəkir. 


 


Maraqlıdır, azərbaycanlıların bu mövqeyi doğru qərar hesab oluna bilərmi?




Sfera.az-a bu haqda açıqlama verən politoloq Cavanşir Abbaslı İranda aksiyaların artıq 11 gündür davam etdiyini qeyd edib.


 


Onun fikrincə, aksiyalar getdikcə daha ciddi xarakter alaraq hazırkı rejim üçün müəyyən təzyiqlər və narahatlıqlar yaratmaqdadır: 


 


“Bu fonda Azərbaycanlıların yaşadığı bölgələrin aksiyalara niyə qoşulmaması ilə bağlı suallar ortaya çıxır.Düşünürəm ki, mövcud şəraitdə bu, azərbaycanlıların verdiyi doğru qərarlardan biridir. Mənim fikrimcə, İranda baş verən bu aksiyalar müəyyən mənada planlaşdırılmış bir oyunu xatırladır. Burada Amerikanın izləri açıq şəkildə müşahidə olunur. Unutmayaq ki, İranda tam olmasa da, müəyyən dərəcədə söz sahibi olan azərbaycanlı bir şəxs ölkəyə rəhbərlik edir. Ali dini liderdən sonra faktiki olaraq ən təsirli fiqur Azərbaycan mənşəli bir şəxsdir. Bu baxımdan azərbaycanlıların aksiyalara qoşulmaması normal qarşılanmalıdır”.


 



 


Ekspertin sözlərinə əsasən, məhz buna görə də bu mövqe ən doğru qərarlardan biridir:


 


“Diqqət yetirsək, aksiyaların keçirildiyi bölgələrdə insanların səsləndirdiyi şüarlara və irəli sürdükləri tələblərə, onların İranda Şah rejiminin yenidən bərpa olunmasını istədiklərini görərik. Hazırkı vəziyyətdə isə Şah rejiminin əsas nümayəndəsi kimi Rza Pəhləvi çıxış edir. Rza Pəhləvi hazırda Amerikada yaşayır. Bu isə onu göstərir ki, əgər İranda hakimiyyət və ya rejim dəyişikliyi baş verərsə, Amerikanın dəstəklədiyi əsas fiqur olan Məhəmməd Rza Pəhləvi xətti üzrə bir idarəetmə forması hakimiyyətə gətirilə bilər. Bu da o deməkdir ki, Amerika əvvəlcə Venesuela, ardınca isə İran prosesini işə salıb. Bütün bunları nəzərə alaraq, azərbaycanlıların bu proseslərə qoşulmaması düzgün və düşünülmüş qərardır və hesab edirəm ki, sona qədər də bu mövqedə qalmalıdırlar. Sonda bir daha xatırlatmaq istəyirəm ki, unutmayaq hazırda İranda prezident postunda Azərbaycan əsilli bir şəxs dayanır”.


 


Bəsti Rəfizadə

Sfera.az