ABŞ Prezidenti Donald Tramp Amerikanın maraqlarına cavab vermədiyi bildirilən 66 beynəlxalq təşkilatdan çıxmaqla bağlı qərar verib. Sərəncama əsasən, ABŞ federal qurumları 31-i BMT-yə bağlı olmaqla, ümumilikdə 66 beynəlxalq qurumda iştirakını və maliyyə dəstəyini dayandıracaq. Ağ ev bu təşkilatların milli maraqlara zidd olduğunu açıqlayıb.


 


ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxması ölkənin qlobal təsir gücünə və beynəlxalq əməkdaşlıqlara hansı nəticələr verə bilər?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin 66 beynəlxalq təşkilatdan birdən çıxması ölkənin qlobal mövqeyini bir neçə istiqamətdə zəiflədə bilər:


 

“Vaşinqton onilliklər boyu beynəlxalq sistemin əsas memarlarından biri olub və institutlar vasitəsilə həm normativ təsir, həm də siyasi-ictimai legitimlik qazanıb. Bu qurumlardan uzaqlaşmaq ABŞ-nin qlobal gündəmin formalaşmasına birbaşa təsir imkanlarını azaldır, eyni zamanda digər güclərə, xüsusilə Çin, Rusiya və Avropa İttifaqına həmin boşluğu doldurmaq üçün əlavə imkan yaradır. Bununla yanaşı, ABŞ-nin beynəlxalq təşəbbüslərdən geri çəkilməsi müttəfiqləri arasında etimad riskini artırır və transatlantik həmrəyliyi zəiflədə bilər”.


 



Politoloq bu addımın qlobal idarəetmədə parçalanmanı dərinləşdirə biləcəyini və beynəlxalq əməkdaşlıq mexanizmlərinin effektivliyini azalda biləcəyini də əlavə edib: 


 


“ABŞ kimi böyük gücün maliyyə və siyasi dəstəyini itirən təşkilatların fəaliyyəti zəifləyəcək, bu isə iqlim, qida təhlükəsizliyi, səhiyyə, qaçqınların qorunması, kibertəhlükəsizlik kimi transsərhəd problemlərin həllində koordinasiyanın azalmasına gətirə bilər. ABŞ daxilində isə bu siyasət qısa müddətdə büdcə yükünü azaltsa da, uzunmüddətli perspektivdə ölkəni daha təcrid olunmuş, beynəlxalq proseslərdə isə daha az təsir gücünə malik aktora çevirə bilər”.


 


Fidan Hacızadə

Sfera.az