“The Washington Post” qəzetində dərc olunan xəbərə görə, Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası və ada uğrunda potensial münaqişə NATO-nun dağılmasına səbəb ola bilər.
Bəs, Qrenlandiya ətrafında yaranan gərginlik həqiqətən NATO-nun dağılması ilə nəticələnə bilərmi?
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Tramp və onun administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası və Danimarka ilə münasibətlərdəki təzyiqlər, bu məsələnin yalnız iki ölkə arasındakı gərginliklə məhdudlaşmayacağını göstərir.
Onun sözlərinə görə, Trampın Qrenlandiyanı ABŞ-nin ərazisi kimi görməsi və məsələyə siyasətində önəmli yer ayırması beynəlxalq müstəvidə ciddi nəticələrə yol aça bilər:
“Lakin bu gərginliklərin NATO-nun dağılması ilə nəticələnməsi ehtimalı çox azdır və daha çox uzaq perspektivli, mürəkkəb bir ssenaridir. Qrenlandiya, ABŞ üçün yalnız coğrafi deyil, həm də hərbi-strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Thule Hava Bazası kimi hərbi obyektlər bölgədə strateji üstünlüyün təmin edilməsində kritik rol oynayır və Trampın ritorikası ABŞ-nin geosiyasi maraqlarını qorumağa yönəlib. Bununla yanaşı, ABŞ Qrenlandiyada təsirini artıraraq Rusiya və Çin kimi qlobal rəqiblərə qarşı üstünlük əldə etməyə çalışır”.
Politoloq qeyd edib ki, buna baxmayaraq, Trampın sərt ritorikası Danimarka ilə gərginlik yaratsa da, NATO-nun ümumi strukturuna ciddi təsir göstərməyəcək:
“NATO üzv ölkələrin kollektiv müdafiə prinsipi əsasında fəaliyyət göstərir və ittifaqın əsas gücü üzvlər arasında təhlükəsizlik maraqlarının ortaq olmasıdır. Qrenlandiya ilə bağlı gərginliklər ittifaqın əsas funksiyalarını zəiflətməyəcək. Daha çox daxili müzakirələr və diplomatik danışıqlar vasitəsilə həll oluna bilər. Danimarka tərəfinin mümkün güzəştləri ABŞ ilə əməkdaşlığı gücləndirə və hər iki tərəf üçün davamlı həll yolları təmin edə bilər. Məsələn, təbii sərvətlərdən istifadə imkanlarının tanınması, Şimali Buzlu Okeanında birgə təhlükəsizlik tədbirləri və hərbi bazaların idarə olunmasında əməkdaşlıq belə variantlara daxildir”.
Niyaz Hacıyev
Sfera.az