Dünyada ən çox tanınmış seriyalı qatillərin qeydə alındığı ölkələrin siyahısı açıqlanıb. Statistik göstəricilər cəmiyyətlərdə təhlükəsizlik, hüquq-mühafizə sistemlərinin fəaliyyəti və cinayətlərin aşkar olunma səviyyəsi ilə bağlı maraqlı suallar doğurur.


 


Sfera.az xəbər verir ki, WorldAtlas tərəfindən yayımlanan məlumata əsasən, siyahıda böyük fərqlə ABŞ birinci yerdə qərarlaşıb. Məlumata görə, ABŞ-də tarix boyu 3 615 tanınmış seri qatil qeydə alınıb. Bu rəqəm ikinci yerdə qərarlaşan ölkədən on dəfələrlə çoxdur.


 


Reytinqdə Rusiya 196 faktla ikinci, Böyük Britaniya isə 190 hadisə ilə üçüncü sıradadır. İlk beşliyə daxil olan digər ölkələr arasında Yaponiya (137) və Cənubi Afrika Respublikası (123) yer alır.


 


Siyahının davamında Hindistan (121), Kanada (119), İtaliya (97) və Almaniya (88) göstərilib. Avstraliya (83) və Fransa (74) isə ilk onluqda qərarlaşıb.


 


Asiya ölkələri arasında Çin (64) diqqət çəkir. Latın Amerikası ölkələrindən Meksika (43) və Braziliya (36) siyahıya düşüb. Reytinqin son sırasında isə Polşa (29) yer alıb.


 


Mütəxəssislər bildirir ki, bu cür statistikalar hər zaman real cinayət səviyyəsini əks etdirməyə bilər. Çünki bəzi ölkələrdə cinayətlərin aşkar olunma faizi yüksəkdir, bəzilərində isə hüquqi və institusional boşluqlar səbəbindən bir çox hadisələr qeydə alınmır. Eyni zamanda, mediada geniş işıqlandırılan cinayətlər statistikada “tanınmış” seri qatil kimi qeyd olunur.


 


Qeyd edək ki, təqdim olunan rəqəmlər tarixi dövrləri əhatə edir və illər üzrə dəyişə bilər.


 


Firuzə Əliyeva


Sfera.az