“Asus”, “CES 2026” sərgisində iki ekranlı “Zenbook Duo” modelinin yenilənmiş versiyasını təqdim edib. Yeni noutbuk daha güclü prosessor, təkmilləşdirilmiş menteşə dizaynı və iri batareya ilə diqqət çəkir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki. 2026-cı ilin ilk rübündə satışa çıxarılması gözlənilən cihazın qiyməti hələ açıqlanmayıb.
Yenilənmiş model gücünü “Intel”in yeni “Panther Lake” prosessorlarından alır.
Ən böyük yenilik iki ədəd 14 düymlük 144 Hz OLED ekran arasındakı boşluğu minimuma endirən və daha bütöv görüntü təqdim edən yeni menteşə dizaynıdır. Xarici dizaynda isə “Asus”a məxsus xüsusi “Ceraluminum” örtükdən istifadə olunub. Əvvəlki nəsillə müqayisədə daha kompakt korpusa malik model, tutumu 75 Wh-dən 99 Wh-yə artırılan böyük batareya ilə təchiz olunub.
Klaviatura bağlantısında istifadə olunan pogo pinlər maqnitli hala gətirilib və klaviatura ayrıldıqda korpusun içində gizlənəcək şəkildə dizayn edilib. “Zenbook Duo Intel Core Ultra 7 355H”, “Core Ultra 9 386H” və bəzi bazarlarda “Core Ultra X9 388H” prosessor variantları ilə satışa çıxarılacaq. Sistem 32 GB-a qədər “LPDDR5x 9600 MT/s RAM” və “2 TB PCIe Gen 4 SSD” dəstəyi təklif edir.
Bəsti Rəfizadə
Sfera.az