Azərbaycan Ermənistana neft məhsullarının növbəti partiyasını ixrac etməyə hazırlaşır. Artıq tərəflər arasında ticarət əməliyyatları çərçivəsində aparılan danışıqlar real mərhələyə keçib və qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi gündəmə gəlib. Bu proses fonunda əsas diqqət çəkən məqamlardan biri də Azərbaycanın Ermənistan bazarından hansı məhsulların idxal oluna biləcəyidir.
Sfera.az-a bu haqda açıqlam verən iqtisadçı Günay Hüseynova qeyd edib ki, Ermənistanla artıq ticarət əməliyyatları çərçivəsində danışıqlar aparılıb. Onun sözlərinə görə, növbəti ixrac əməliyyatı bu gün, 8 yanvar tarixində icra olunacaq və ixrac məhsulları əsasən neft məhsullarıdır:
“Qarşılıqlı ticarət tərəfdaşlığı çərçivəsində həmin ölkədən idxal məhsullarına gəldikdə isə, tam siyahı hələ məlum deyil. Lakin Ermənistan əsasən kənd təsərrüfatı məhsulları, konservləşdirilmiş qidalar və spirtli içki məhsullarının istehsalında müəyyən mənada ixtisaslaşıb. Məhz buna əsasən demək olar ki, ət, konservləşdirilmiş qida, konyak, şərab və bu kimi məhsullar idxal oluna bilər”.
Ekspertin firkincə, məsələnin əsas tərəfi isə budur ki, həmin məhsullar idxal olunarsa, daxili bazarı sıradan çıxara bilərmi və ya rəqabətqabiliyyətlilik hansı səviyyədə olacaq:
“Hələ real bazar mühitində qiymətləri görmədiyimiz, məhsul başına maya dəyərini bilmədiyimiz üçün hansısa konkret rəqəm ortaya qoymaq mümkün deyil. Lakin eyni səviyyədə olarsa, bazarda tələb və təklif balansını qoruyacağını düşünürəm. Bir məqam da var ki, Azərbaycan istehlakçısı Ermənistandan idxal olunan qida məhsulunu alacaqmı? Və ya qiymətin ucuz başa gəlməsi yerli sahibkarlığı sıradan çıxara bilərmi? Bu kimi hallarda gömrük tarifləri və kvotalar vasitəsilə daxili bazarın qorunacağını düşünürəm”.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli isə deyib ki, hələlik Ermənistandan Azərbaycana heç bir məhsul idxal edilmir. Onun sözlərinə əsasən, lakin gələcəkdə əməkdaşlıq bərpa olunduğu, münasibətlər normallaşdığı və sülh müqaviləsi bağlandığı halda kənd təsərrüfatı məhsulları, ərzaq məhsulları, metallurgiya sənayesi məhsulları, əlvan metallar, o cümlədən alüminium idxal edilə bilər:
“Yəni spirt məhsulları və digər sahələr üzrə də gələcəkdə əməkdaşlıq çərçivəsində ticarət əlaqələri bərpa olunduqdan sonra idxal mümkün ola bilər. Bu məsələlərdə isə sahibkarlar qiymət təhlili apararaq qərar verməlidirlər”.
Bəsti Rəfizadə
Sfera.az