Xəbər verdiyimiz kimi, dünən “Nərimanov” stansiyasında 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.




Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib. 




Bu fakt qatar dayanan hissənin sərnişinlər üçün təhlükə yaratdığını bir daha sübut edir. Bunu nəzərə alaraq bəzi ölkələrdə platformalarda xüsusi mühafizə çəpəri çəkilir. 




Azərbaycanda da platformada bədbəxt hadisələrin qarşısını almaq üçün oxşar təcrübədən istifadə edilə bilərmi?


 


Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu bildirib ki, bu məsələ hər dəfə bir bədbəxt hadisə baş verəndə gündəmə gəlir:


 


“Biz də müxtəlif ölkələrdən nümunələr göstəririk, amma praktikada belə bir tətbiqi görmürük. Açığı, təhlükəsizlik sədlərinin çəkilməməsinin səbəbini bilmirəm. Ola bilər bu, çox baha başa gəlir. Ya da başqa səbəb var, onu biz bilmirik. Amma fakt budur ki, qoruyucu sədlərin tətbiq olunduğu çox sayda ölkə mövcuddur. Almaniyadan tutmuş Yaponiyaya qədər bu sistemdən istifadə edilir”.


 





Ekspert əmindir ki, belə bir qoruyucu sistemin mövcud olmasından Azərbaycanda da xəbərdardırlar. O qeyd etdi ki, bu vasitə olduqca səmərəlidir:


 


"Sadə dillə desək, platformalarda qoruyucu sədlər çəkilir, qapılar bağlı olur və qatar gələnə qədər platformaya daxil olmaq mümkün olmur. İstər təsadüfən olsun, istər kimsə itələsin, istərsə də başqa hər hansı hal baş versin fərqi yoxdur, bütün hallarda qapılar qatar dayanandan sonra açılır. Bu cür nümunələr mövcuddur. Ola bilsin ki, Bakı Metropoliteninin bunu tətbiq etməyə maddi imkanı yoxdur. Əgər belədirsə, bu məsələ ilə bağlı açıq şəkildə mövqelərini bildirməlidirlər”.


 


Fidan Hacızadə

Sfera.az