ABŞ Prezidenti Donald Tramp Venesuelanın yeni neft sazişindən əldə edəcəyi gəlirlə yalnız ABŞ istehsalı olan məhsullar alacağını açıqlayıb. O bildirib ki, bu məhsullara əsasən Amerika kənd təsərrüfatı malları, dərman vasitələri və enerji avadanlıqları daxildir. Tramp bu qərarın hər iki ölkə üçün faydalı olduğunu vurğulayıb.


 


Bəs bu addım ABŞ-nin xarici ticarətdə təzyiq və məcburetmə siyasəti kimi qiymətləndirilə bilərmi və belə yanaşmanı normal hesab etmək olarmı?


 


Politoloq İlyas Hüseynov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Venesuela Prezidenti Maduronun həbs edilməsi və ABŞ-yə aparılması beynəlxalq münasibətlər sistemində yeni bir vəziyyət formalaşdırır.




Politoloqun fikrinə əsasən, Venesuelanın yeni neft sazişlərindən əldə olunacaq gəlirlərin yalnız ABŞ mənşəli məhsulların alınmasına sərf edilməsi də ABŞ prezidentinin təzyiq siyasətinin tərkib hissəsidir: 




“Eyni zamanda bu addımlar Donald Trampın “Make America Great Again”, “America First” kimi irəli sürdüyü tezislərə sadiqliyini də ifadə edir. Yəni “Amerikanı yenidən daha güclü edək”, “Amerika birincidir” fikirləri onun bütün siyasətinin əsas xəttini təşkil edir”.


 



 


İ.Hüseynov ABŞ istehsalı olan məhsullara üstünlük verilməsinin Trampın siyasi strategiyasının mühüm istiqamətlərindən biri olduğunu qeyd edib:


 


“Eyni zamanda bu da onu deməyə əsas verir ki, ABŞ xarici siyasətdə bu və ya digər formada region dövlətlərini, hətta regiondan uzaq olsa belə, ABŞ maraqlarının təmsil olunduğu ölkələri məcburetmə strategiyası ilə ram etməyə çalışır. Şübhəsiz ki, bu, beynəlxalq münasibətlər sistemində yeni bir fenomendir, yeni bir haldır. Çünki əvvəlki dövrlərdə ABŞ kredit siyasəti ilə, valyuta-dollar münasibətləri sistemi vasitəsilə regionları özündən asılı vəziyyətə salırdı. Yalnız kritik hallarda güc tətbiqetmə siyasətindən istifadə olunurdu. Əfqanıstan, İraq, Yuqoslaviya və digər nümunələri çəkmək olar. Lakin bu gün ABŞ sanki müasir siyasətdə yeni bir xətt cızır ki, bu da daha çox böhrana, anarxiyaya, hərc-mərcliyə, beynəlxalq hüquq dəyərlərinin itirilməsinə gətirib çıxarır”.


 


Fidan Hacızadə

Sfera.az