Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Ceffri Saks ABŞ-nin artıq tam mənada konstitusiya sistemi kimi fəaliyyət göstərmədiyini və cəmiyyətin Vaşinqtonun xarici siyasətinə təsir imkanlarının zəiflədiyini bildirib.


 


Bu fikirlər nə dərəcədə əsaslıdır və belə bir yanaşma ABŞ-nin daxili siyasi sistemində hansı risklərdən xəbər verir?


 


Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, professorun səsləndirdiyi fikirlərə müəyyən mənada haqq qazandırmaq mümkündür. Onun sözlərinə görə,  ABŞ cəmiyyətinin ölkənin ümumi siyasi kursuna, xüsusilə də xarici siyasətə real təsir imkanları tarixi baxımdan da məhdud olub:


 



 


“Liberal dövlət modelində, xüsusilə kapitalizmin daha dərin və institusional şəkildə formalaşdığı ölkələrdə geniş kütlələrin xarici siyasət proseslərinə birbaşa təsiri faktiki olaraq müşahidə edilmir. Bu tendensiyanı yalnız ABŞ-də deyil, Almaniya və Fransa kimi inkişaf etmiş Avropa dövlətlərində də görmək mümkündür. Həmin ölkələrdə də cəmiyyətin əsas maraq dairəsi xarici siyasi qərarlardan daha çox daxili siyasət, sosial rifah və gündəlik həyat keyfiyyəti ilə bağlıdır”.


 


Politoloq qeyd edib ki, ABŞ-də xarici siyasət əsasən siyasi elitaların və dövlət institutlarının nəzarətində saxlanılır:


 


“Hökumətlərin Yaxın Şərqdə müharibə aparması və ya hərbi əməliyyatlarda iştirakı geniş ictimaiyyətin gündəlik həyatına birbaşa təsir etmədiyi müddətdə ciddi ictimai reaksiya doğurmur. ABŞ cəmiyyətinin əhəmiyyətli hissəsi üçün əsas prioritet şəxsi rifah, qiymət artımı və sosial problemlərdir – bu sahələrdə gərginlik yaranan zaman etirazlar və kütləvi aksiyalar baş verir. Bu mənada kütlə xarici siyasətdən uzaq tutulur və yalnız daxili sosial-iqtisadi faktorlar cəmiyyətin siyasi davranışına real təsir göstərir”.


 


Niyaz Hacıyev


Sfera.az