İran heç vaxt ABŞ ilə həqiqi və ciddi danışıqlardan çəkinməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali “TASS” agentliyinə verdiyi müsahibədə ilin yekunlarını şərh edərkən bildirib. Diplomat İranın nüvə proqramı ilə bağlı suala cavab olaraq qeyd edib ki, Tehran qarşılıqlı maraq doğuran məsələlər üzrə ədalətli və balanslı razılaşmanın əldə olunmasına yönəlmiş real danışıqlara hər zaman açıqdır.
Onun sözlərinə görə, İran tərəfi bu mövqeyindən heç vaxt geri çəkilməyib. Xatırladaq ki, 2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında Birgə Hərtərəfli Nüvə Proqramı üzrə Razılaşma (BHSR) imzalanıb. Saziş 2002-ci ildən Qərbin Tehranın nüvə silahı hazırladığına dair ittihamları fonunda yaranmış böhranın həllinə yönəlmişdi.
Lakin 2018-ci ildə ABŞ-nin o zamankı prezidenti Donald Tramp razılaşmadan çıxaraq İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq, Tehran 2020-ci ildə BHSR çərçivəsində üzərinə götürdüyü öhdəliklərin bir hissəsini dayandırdığını və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin nüvə obyektlərinə girişini məhdudlaşdırdığını elan edib. Bununla belə, agentlik 2025-ci ilin iyununda İran-İsrail arasında gərginlik artanadək yoxlamaları davam etdirib.
Niyaz Hacıyev
Sfera.az