İranda 11 gündür davam edən etirazlar fonunda ölkənin keçmiş şahının oğlu Rza Pəhləvinin insanları küçələrə çıxmasına dair video sosial şəbəkələrdə rekord sayda izlənilib. İddialara əsasən, şah ailəsi hələ də İran cəmiyyətinə təsir edir. 




Maraqlıdır, Rza Pəhləvi baş verən etirazların fonunda  xüsusi etimad qazana bilərmi? Şah ailəsinin cəmiyyətə təsiri varmı?    




Bu haqda "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə əsasən, İranda artıq 11 gündür davam edən etirazlar sosial tələblərlə başlasa da, ölkədə sosial-iqtisadi vəziyyətin ağır olması və əhalinin bu situasiyadan narazılığı prosesin əsas səbəblərindən biridir:




“Bu məsələlər artıq siyasi müstəviyə keçib, Xamneyiyə qarşı yönəlib və SEPAH qüvvələrinə qarşı çevrilib, insanlar təhlükəsizlik qurumlarının, mühafizə orqanlarının nümayəndələrinə hücumlar edirlər. Etirazlar səngimək bilmir, Xamneyini və onun silahdaşlarını ifadə edən şəkillər yandırılır, heykəllərə hücumlar edilir, dövlət qurumlarına hücumlar təşkil olunur, şəhərlər ələ keçirilir. Bu onu göstərir ki, proses artıq siyasi müstəviyə keçib və insanlarda çox ciddi narazılıq və aqressiya var. Belə bir situasiyada kütlə son dərəcə qızışmış vəziyyətdədir, proseslər genişlənir və hər şeyi əhatə edir. Belə bir şəraitdə kim insanların bu aksiyalarını dəstəkləyirsə, çağırışlar edirsə və İran hakimiyyətinə, ali dini liderə qarşı çıxış edirsə, o, təbii ki, müəyyən dəstək qazanacaq. Rza Pəhləvinin bu mənada paylaşdığı videonun sosial şəbəkələrdə geniş izlənməsinin səbəbini onun xalq tərəfindən sevilməsi və ya xüsusi bir avtoritetinin olması ilə bağlamıram. Açıq desək, insanlar sadəcə olaraq İran hakimiyyətindən beziblər, Xamneyidən, ali dini rəhbərdən və Ayətullahların idarəetmə formasından yorulublar”.


 





Ekspert bu məsələlərin daha çox emosional xarakter daşıdığını və şahın çağırışlarının proseslərdə emosional katalizator rolu oynadığını qeyd edib: 




“Pəhləvi şah rejiminin, radikal fars ideologiyalı şah hakimiyyətinin İran xalqına, xüsusilə də İranın əsas dayağı olan türklərə, Azərbaycan türklərinə, Təbriz türklərinə qarşı həyata keçirdiyi repressiv addımlar hələ də yaddaşlardan silinməyib. Pəhləvi rejimi nifrətlə yad olunur və onun ölkə daxilində real bir təşkilatlanması, real dəstəyi yoxdur. Ona görə də mən Rza Pəhləvini inqilabın lideri kimi görmürəm və onun belə bir nüfuza sahib olduğunu da qəbul etmirəm. Bir daha həmin fikrə qayıdıram ki, o və onun sülaləsi İran xalqının yaddaşında azərbaycanlılara, türklərə və ümumilikdə İran xalqına qarşı qəddar, repressiv davranışları ilə qalıb və nifrətə layiq bir sülalənin təmsilçisidir. Bu səbəbdən də onun etimad qazana biləcəyinə inanmıram. Əgər Qərb ölkələri, xüsusilə də Amerika onu növbəti hakimiyyət üçün seçirsə, bu, çox böyük bir yanlış olar. Hesab edirəm ki, İran xalqının hazırkı legitim lideri və legitim təmsilçisi hazırda hakimiyyətdə olan İran prezidenti Məsud Pezeşkiyandır. Pəhləvi kimi şəxslərin İranda etimad qazanması və inqilabın liderinə çevrilməsi mümkün deyil”.




Bəsti Rəfizadə

Sfera.az