İranda hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 46-nı ötüb. İran mediasının məlumatına görə, təhlükəsizlik qüvvələri əvvəlcə nümayişləri yatırmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edirdisə, hazırda etirazçılara odlu silahla atəş açılır.


 


ABŞ isə bildirir ki, əgər etirazçılara atəş açılarsa, Amerika ordusu müdaxilə edəcək.


 


Bu vəziyyətdə ABŞ-nin müdaxiləsi nə dərəcədə realdır və ya səsləndirilən hədələr yalnız sözlərlə məhdudlaşacaqmı?


 


Politoloq Əli Mustafa Sfera.az-a açıqlamasında bildirib ki, İranda baş verən hadisələr artıq nə etirazçılar, nə də təxribatçılar tərəfindən tam nəzarət edilə bilir. Onun sözlərinə görə, eyni zamanda hakimiyyət daxilində xalqa və etirazçılara anlayışlı yanaşmaq istəyən qüvvələr ilə sərt tədbirlər görməkdə olanlar bir yerdə hərəkət edir, sanki Amerikanın və ya digər xarici dövlətlərin diqqətini çəkmək istəyən aktorlar da bu prosesdə iştirak edir:


 



 


“Normalda təhlükəsizlik qüvvələri etirazların böyüməsinin qarşısını almaq üçün yumşaq və planlı davranmalıdır ki, kənar müdaxilələr üçün bəhanələr yaranmasın. Lakin sərt güc tətbiq edənlərin qorxu və panika içərisində olduğu görünür. Onlar prosesi zor tətbiq edərək dayandırmaq məcburiyyətində olduqlarını düşünür və ya məqsədli olaraq belə addımlar atırlar ki, ABŞ-nin müdaxiləsi üçün əsas yaransın”.


 


Politoloq qeyd edib ki, mövcud vəziyyət Amerikanın İrana mümkün hərbi müdaxiləsi üçün potensial imkanlar yaradır:


 


“İnsan haqlarının pozulması bəhanəsi ilə legitim əsaslar formalaşa bilər. ABŞ-nin təhlükəsizlik qüvvələrinin, aviasiyasının İran sərhədlərinə yaxınlaşması, İraq və digər bölgələrdəki hərbi bazalarda yerləşdirilməsi bu ehtimalı gücləndirir. Hazırda siyasi rəhbərlər, dini liderlər və hətta Xomeyni kimi fiqurlar potensial hədəf ola bilər. Görünən odur ki, İran tərəfi ya ABŞ-nin təhdidlərini ciddi qəbul etmir, ya da bu təhdidlərin reallaşması üçün müəyyən addımlar atır. Bütün hallarda, ABŞ-nin İrana hücum etmək imkanlarının yüksək olduğu müşahidə olunur”.


 


Niyaz Hacıyev


Sfera.az