Azərbaycanın 2026-cı il dövlət büdcəsi artıq qəbul edilib. Büdcə məlumatlarına əsasən, bu ilin dövlət büdcəsində ötən ilə nisbətən kiçik artım qeydə alınıb. Amma kiçik artımın olmasına baxmayaraq bəzi sahələr üzrə xərclərdə ciddi dəyişiklik baş verib. 


 


Xüsusilə sosial yönümlü xərclər, təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitdə artım müşahidə olunur.


 


Sfera.az xatırladır ki, 2025-ci ilin dövlət büdcəsində xərclər 41,4 milyard manat, 2026-cı ilin dövlət büdcəsində isə 41,7 milyard manat təsdiqlənib.


 


Ümumi xərclər artmasa da bəzi sahələrdə ciddi artım var. Onlar arasında qanunvericilik və icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üçün ayrılan vəsait 15,3 faiz artırılaraq 1,77 milyard manatdan 2,04 milyard manata yüksəlib. 




Milli təhlükəsizlik sahəsinə ayrılan xərclər də xeyli artıb. Bu istiqamət üzrə xərclər 11,3 faiz artaraq 520,6 milyon manata çatdırılıb. Hüquqi yardım üzrə xərclər isə 49,8 faiz artımla 9,1 milyon manat olub.




Kəskin artım müşahidə olunan sahələrdən biri də təhsildir. Ümumi təhsil xərcləri 1,6 faiz artaraq 5,02 milyard manata yüksəlib. Peşə təhsilinə ayrılan vəsait 28,3 faiz artırılıb, ali təhsil sahəsində isə 17,6 faiz artım müşahidə olunur. Həmçinin, orta ixtisas təhsilinə ayrılan xərclər 10,2 faiz azaldılıb.


 


Qeyd edək ki, səhiyyə xərcləri 2026-cı ildə 1,5 faiz artırılaraq 2,02 milyard manata çatdırılıb. Poliklinika və ambulator xidmətlər üzrə xərclər 12,1 faiz artıb. Eyni zamanda, diaqnostika və profilaktika tədbirlərinə ayrılan vəsait 46,3 faiz, səhiyyə sahəsində tətbiqi elmi tədqiqatlara ayrılan xərclər isə 36,2 faiz azaldılıb. İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait 36,5 faiz azaldılaraq 900 milyon manat müəyyən edilib.


 


Sosial təminat sahəsində xərclər 56,1 faiz artırılaraq 60,4 milyon manata yüksəlib. Televiziya, radio və nəşriyyat fəaliyyətinə ayrılan vəsait 16,2 faiz artıb. 


 


Bəzi sahələrdə isə xərclərdə azalma müşahidə edilir. 




Bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər 37,4 faiz azaldılıb.


 


Ətraf mühitin mühafizəsi sahəsinə ayrılan ümumi vəsait 24,9 faiz azaldılıb. 




Eyni zamanda, iqtisadi fəaliyyətə yönələn xərclər 6,2 faiz azaldılaraq 7,86 milyard manata endirilib. 




Nəqliyyat və rabitə sahəsində xərclər 43,7 faiz, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsait isə 12,5 faiz azaldılıb. 

Geodeziya və faydalı qazıntılar üzrə xərclərdə də azalma (45,2 faiz) qeydə alınıb. 




Bundan əlavə, əsas bölmələrə aid edilməyən tədbirlər üzrə xərclər 14,7 faiz, sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər isə 14,2 faiz azaldılıb.


 


Fidan Hacızadə

Sfera.az