ABŞ Prezidenti Donald Tramp İranda davam edən etiraz aksiyalarına münasibət bildirib. Tramp radio aparıcısı Hyu Hevitə verdiyi müsahibədə iranlı etirazçılara səslənərək azadlıq ideyasına sadiq qalmağa çağırıb.




“Deyə biləcəyim tək şey odur ki, azadlığa olan inancınızda möhkəm durmalısınız. Azadlıqdan yaxşı heç nə yoxdur. Siz cəsur insanlarsınız. Bu hadisələrin sizin ölkənizdə baş verməsi çox təəssüf doğurur. Sizin ölkəniz əla bir ölkə idi”, – deyə Tramp vurğulayıb.




Maraqlıdır, İranda etiraz aksiyalarının genişlənməsinə ABŞ-dən gələn siyasi dəstəyin rolu varmı?




Bu haqda politoloq Oqtay Qasımov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, İranda baş verən etiraz aksiyalarının bir çox səbəbləri var və bunlar həm sistemlə bağlı olan səbəblərdir, daxili səbəblərdir, həm də xarici təsirlər burada öz rolunu oynamaqdadır:




“Bu etiraz aksiyalarının həm miqyasına, həm də iştirak edən təbəqələrin müxtəlifliyinə diqqət yetirdikdə aydın olur ki, onlar əvvəlki etirazlardan ciddi şəkildə fərqlənir. Nəzərə alsaq ki, bu prosesin daxili səbəbləri sırasında rejimdaxili siyasi çəkişmələr, o cümlədən etnik qruplaşmalar arasında mübarizə də yer alır, etirazları daha geniş kontekstdə dəyərləndirmək mümkündür. Bu aksiyaların təşkilindəki səbəblərdən biri kimi, məhz bu hesablaşma fonunda prezident Pezeşkiyanın vəzifədən kənarlaşdırılması və ümumilikdə İran dövlət hakimiyyəti strukturlarında türk ünsürlərinin təsirinin azaldılmasına yönəlmiş niyyətlərin mövcudluğu ehtimalı da istisna edilmir. Xarici təsirlərə gəldikdə isə, etirazlar başlayandan sonra həm İsrailin, həm ABŞ-nin, eləcə də şəxsən Trampın etirazçılara və etiraz aksiyalarına münasibəti dəfələrlə müşahidə olunub. Trampın son açıqlaması da məhz bu kontekstdə dəyərləndirilməlidir. O, daha əvvəl bildirmişdi ki, əgər İran rejimi etirazçılara qarşı sərt addımlar atarsa, ABŞ bununla bağlı ciddi tədbirlər görə bilər”.


 





Ekspertin sözlərinə görə, hazırda Tramp etiraz aksiyalarının iştirakçılarına müraciət edərək mübarizədə daha möhkəm dayanmağı tövsiyə edir və onlara faktiki olaraq siyasi dəstək verir:




“Bu isə əslində etiraz aksiyaları vasitəsilə rejimin ciddi təzyiq altında saxlanılmasına və ABŞ-nin tələblərinin qəbul etdirilməsinə hesablanmış bir yanaşmadır. Digər tərəfdən, Tramp bu bəyanatları ilə etiraz aksiyaları vasitəsilə rejim dəyişikliyinə də nail olmağa cəhd göstərə bilər. Məlumatlara görə, onun şahın oğlu ilə görüşmək niyyəti də var. Belə bir görüşün baş tutması isə ABŞ-nin İranda rejim dəyişikliyi prosesinə faktiki olaraq start verməsi anlamına gələ bilər. Lakin nəzərə alsaq ki, bu etiraz aksiyalarının sonunda rejim dəyişərsə və yerinə yenidən şahın oğlu qayıdaraq xanədanlıq bərpa olunarsa, bu, İran cəmiyyətinin mövcud vəziyyətdən çıxış yolu tapacağı anlamına gəlməyəcək. Necə ki, 1979-cu ildə Şah rejimini devirən İran cəmiyyəti ondan da sərt bir rejimlə üzləşdi, eyni vəziyyətin bu gün yenidən təkrarlanması ehtimalı da istisna deyil”.




Bəsti Rəfizadə

Sfera.az