İranda yaranmış vəziyyəti dəyərləndirən bəzi siyasi analitiklər hesab edir ki, ölkədə rejim dəyişikliyi labüddür. Proqnozlara görə, İranda molla rejimi gedəcək, yerinə ABŞ-yə yaxın olan şəxs gələcək. 




Lakin bu ehtimal edilən dəyişikliyin necə baş verəcəyi maraq doğurur? İranda ABŞ-nin dəstəklədiyi və ya maraqlarına uyğun hesab etdiyi bir şəxsin hakimiyyətə gəlməsi hansı yolla baş verə bilər? Bu, hakimiyyətin dinc və siyasi yollarla ötürülməsi sayəsində baş verəcək, yoxsa silahlı müdaxilə hökmən olacaqmı?


 


Siyasi şərhçi Tural İrfan məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, İrandakı vəziyyət hazırda idarəolunan xaos həddindədir: 


 


“Tehran daxilində deyil, üsyanların xaricdən idarə olunduğu hiss olunur. Ancaq təbii ki, burada xalqın haqlı etirazları əsas bazadır. Lakin lider kimi kimin təqdim olunacağı dəqiq deyil. Farsların daha çox şahı tələb etmələri onların ABŞ təsirində olduğunu göstərir. Azərbaycan-türk əsilli İran əhalisi isə daha çox milli hökumət tələb edir, konkret lider təqdim etmir. Gedişatın tələbinə görə bu lider prezident Pezeşkiyanın özü də ola bilər. Bu dəqiq deyil ona görə ki, hakimiyyətin dinc yolla ötürülməsi yaxud silahlı müdaxilə yolu ilə baş verəcəyi məlum deyil. Dinc yolla ötürülməsi baş tutsa təbii ki, rejim şahdansa prezidenti üstün tuta bilər. Lakin silahlı müdaxilə olarsa üsyanı idarə edən qüvvələrin öz adamını gətirəcəyi məlumdur ki, bu da sözü gedən Şah Rza Pəhləvi ola bilər. Etirazların səngiməməsi üçün ABŞ və İsrail İranı hələ ki, vurmağı planlaşdırmır. Lakin molla rejimi xalqın diqqətini yayındırmaq üçün özü İsrailə zərbə endirə və əks zərbələrə şərait yaradıb xalqı qırğına verə bilər. Ona görə fürsət verməmək üçün görünür rejimi mümkün qədər tez həll etmək naminə sürətli addımlar atılır. Hazırda etirazçıların ali dini- siyasi liderin qəsrinə doğru irəlilədiyi deyilir. Fars bölgələrində etirazçılar şahı çağırır, türk bölgələrində isə şaha qarşı bişərəf deyə şüarlar səsləndirirlər. Rejimin çöküşü ilə vətəndaş müharibəsi və xaos da başlaya bilər. Ola bilsin əhalini ikiqütblü ayaqlandırıblar ki, şah məsələsi baş tutmasa ikinci plana uyğun addım atılsın”. 


 


Müsahib ümumiyyətlə İrandakı son hadisələrin qanlı molla rejiminin süqutunun başlanğıc mərhələsinə daxil olunduğunu göstərdiyini bildirib: 




“Rusiya təyyarələrinin İrandan rejim başçılarının qızıllarını daşıdığı haqda da məlumatlar var. Vaxtilə şah da tonlarla qızılı sığındığı ABŞ-yə qaçırtmışdı. Lakin bu uçuşlar zənginləşdirilmiş nüvə ehtiyatlarının çıxarılması ilə də bağlı ola bilər. Etirazçıların törətdiyi hadisələr o mərhələyə gəlib çatıb ki, rejim onları kütləvi şəkildə cəzalandırmağa çalışsa üsyan daha da qızışacaq. Heç bir müqavimət göstərməsə də eyni nəticə olacaq. Öz-özünə yaxud prezidentin müraciəti ilə də sakitləşəcəklərinə ehtimal azdır. ABŞ və İsrailin çaxnaşdırması da aktiv şəkildə davam edəcək”.


 



 


T.İrfan hesab edir ki, hazırda İran xalqının vaxtilə haqlarını əlindən alan şah sülaləsinin belə qayıtmasına razıdır, yetər ki, zalım rejim dəf olsun: 




“Hətta rejimin yerinə Yezidin belə dirilib hakim olmasına razı olacaq dərəcədə beziblər. Əsasən farsların şah tələbi ilə türklərlə kürdlərin milli azadlıq tələbi vəziyyəti daha da mürəkkəbləşdirəcək, etirazçıları parçalayacaq. Bu, rejim çökdüyü halda İranın parçalanmasına da gətirə bilər. Yaxın günlərdə proseslərin həlledici mərhələyə çatdığını müşahidə etmək mümkün olacaq. Venesuela prezidentini həbs edib xalqın rəyini nəzərə almadan öz istəyinə uyğun olaraq nefti, sərvəti əldə edəcəyini indidən açıq elan edən ABŞ əmək sərf edib çevriliş meydana gətirdiyi yaxud buna təkan, dəstək verdiyi bir ölkədə lider seçimini xalqın yaxud taleyin ümidinə buraxmaz. Rza şahın kadr kimi irəli sürülməsi qətiləşməyib, ola bilər alternativ simalar da var. Proqrama uyğun təqdim olunacaq. Rejimin çox yaxın zamanda süqut edəcəyi gözlənilir. Çünki xarici kəşfiyyat onun sütunlarının altına qədər işləyib. Bunu hazırki hadisələr və müşahidələr sübut edir. Hər halda buna baxmayaraq rejim dinc yolla təslim olmayacaq. Müxtəlif fanatik qruplardan ibarət terrorçu dəstələrin lokal hücumları ilə hakimiyyəti xalqın asanlıqla ələ almasına imkan verməməyə çalışacaqlar. Hazırki dini - siyasi liderin İraqa, Nəcəf şəhərinə yaxud Afrika ölkələrindən Mərakeşə, bəzi mülahizələrə görə isə Fransaya sığınacağı ehtimal olunur”.


 


Fidan Hacızadə

Sfera.az