Həyatınız bir anda tamamilə dəyişə bilər. Bəzən bu dəyişiklik bir qərar, bəzən isə istənməyən bir hadisə səbəbindən baş verir. Jason Padgettin (Ceyson Pacet) hekayəsi ikinci növdür. Adi bir satış nümayəndəsi olarkən, qarşılaşdığı hücum onu fövqəladə bir riyazi qavrayışla mükafatlandırıb. Bu dəyişiklik təkcə onun həyatını deyil, həm də beynini yenidən formalaşdırıb.
Sfera.az dava zamanı başından zərbə almaqla dahi olan Ceyson Pacetin hekayəsini təqdim edir.
13 sentyabr 2002-ci il gecəsi Ceyson üçün adi bir gecə idi.
Karaoke bardan çıxarkən iki nəfər ona hücum edib. Yalnız dəri jiletini oğurlamaq istəyən bu şəxslər Ceysonun başına ağır zərbələr endiriblər. Qısa bir huşsuzluq, parlaq ağ işıq, ardınca huşsuz vəziyyətdə ikən təpiklər... Yaralı və qan içində xəstəxanaya çatanda ona ağır beyin silkələnməsi və daxili qanaxma diaqnozu qoyulub. Lakin əsl dəyişiklik bundan sonra başlayıb. Bir neçə gün ərzində Ceyson qəribə bir ayrılıq hiss etməyə başladı, amma bunun dərmanlardan qaynaqlandığını düşündü.
Zaman keçdikcə o, insanlardan qaçan, gecələr alış-veriş edən, evinin qapısını bağlayan və paranoyak şəkildə günəşdən qaçan birinə çevrilib. Əlləri ilə bir şeyə toxunmaqdan qorxurdu, hətta qızını paltarını dəyişmədən evə buraxmaqdan imtina edirdi. Obsesif-Kompulsif və Posttravmatik Stress Pozuntusunun simptomları aydın idi, amma başqa bir şey baş verirdi; Ceyson artıq dünyanı formalarda və xətlərdə görürdü.
Hücumdan dərhal sonra Ceyson suda, günəş işığında və hətta adi əşyalarda mükəmməl həndəsi naxışlar görməyə başlamışdı.
Əvvəllər riyaziyyata heç bir marağı olmayan Ceyson indi mürəkkəb düsturları vizual olaraq qavraya bilirdi. Nə baş verdiyini anlamağa çalışarkən özünü qələm, xətkeş və kompasla rəsm çəkən görürdü. Yaranan naxışlar elm adamlarının mürəkkəb riyazi tənliklərlə izah etdikləri anlayışların vizual təsvirləri idi.
Bir gün dəftəri ilə gəzərkən Ceyson ona universitetə getməyi təklif edən bir fiziklə qarşılaşır. Üç il xarici dünyadan təcrid olunmuş yaşayan Ceyson nəhayət öz istiqamətini tapır. Qavrayışını riyaziyyat dili ilə izah etməyi öyrəndikcə, təkcə özünü deyil, həm də kainatı daha dərindən anlamağa başlayır.
Psixiatrlar əvvəlcə ona OKB və TSSB diaqnozu qoymuşdular.
Lakin gördüyü formaları və hiss etdiyi qavrayışları izah etmək asan deyildi. Televiziyada izlədiyi sənədli film sayəsində "savant" termini ilə tanış oldu. Bu termin müəyyən bir sahədə fövqəladə istedada malik, lakin sosial və ya idrak baxımından məhdud olan şəxslər üçün istifadə olunurdu. Sonradan Ceysona sinesteziya diaqnozu qoyuldu; bu vəziyyət onun hisslərinin qarışıq olması və səsləri forma və ya rəng kimi qəbul etməsidir. Bu qabiliyyətin beynində travmadan sonra ortaya çıxdığı və ona "qazanılmış savant sindromu" diaqnozu qoyulduğu düşünülür.
Həyatını dəyişdirən hücumun günahkarları heç vaxt cəzalandırılmadı, lakin illər sonra kimsə ona üzr məktubu yazdı. Bu vaxt Ceyson artıq yeni bir həyata qədəm qoymuşdu. Onun rəsmləri dünya miqyasında sərgilənir, riyaziyyat seminarlarında çıxışlar edir və təcrübələrini "Dahi tərəfindən vuruldu" kitabı vasitəsilə milyonlarla insanla bölüşür. İndi o, həm incəsənət, həm də elm dünyasında sərhədləri aşan bir şəxsiyyət kimi tanınır.
Aynil