ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə Venesuela nümayəndələri ilə görüşmək niyyətində olduğunu açıqlayıb.


 


Sfera.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə keçirilən görüş zamanı danışıb. Tramp bildirib ki, hələlik konkret razılaşma əldə olunmasa da, Venesuela tərəfi ilə təmaslar davam edir.


 


“Yəqin ki, tezliklə müxtəlif Venesuela rəsmiləri ilə görüşəcəyəm. Hələ ki, bu barədə razılığa gəlməmişik. Amma hazırda Venesuelaya rəhbərlik edən insanlarla çox yaxşı münasibətlərimiz var”, – deyə ABŞ prezidenti vurğulayıb.


 


Donald Tramp kiminlə danışmağı planlaşdırdığını dəqiqləşdirməsə də, ABŞ-nin Venesuela tərəfi ilə əməkdaşlıq etdiyini qeyd edib:


 


“Biz Venesueladan olan insanlarla işləyirik və bu əməkdaşlıq çox yaxşı alınır”. ABŞ prezidenti əlavə edib ki, Venesuela tərəfinin mövcud şəraitdə praqmatik mövqe tutması regionda daha ciddi fəsadların qarşısını alıb. “Düşünürəm ki, onlar bizimlə çox müdrikcəsinə işləyiblər. Əgər başqa bir hücum olsaydı, orada hər şey məhv ola bilərdi və biz bunu istəmirdik”, – deyə Tramp bildirib.


 


Niyaz Hacıyev


Sfera.az