Vatikanın dövlət katibi, kardinal Pietro Parolin ABŞ administrasiyasını Venesuela ilə bağlı mümkün əməliyyatlara tələsməməyə dəvət edib.


 


Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. O bu cür addımların respublikada qeyri-sabitlik və qan tökülməsinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib.


 


Nəşrin mənbələrinə görə, kardinal Parolin dekabrın sonunda Vatikandakı ABŞ səfiri Brayan Birçlə görüşərək Vaşinqtonun Venesuela ilə bağlı planlarını öyrənməyə çalışıb.


 


O, xüsusilə ABŞ-nin bu ölkədə hakimiyyət dəyişikliyini istəyib-istəmədiyi ilə maraqlanıb. Qəzetin yazdığına görə, Parolin günlərlə ABŞ Dövlət Katibi Marko Rubio ilə əlaqə yaratmağa cəhd edib. Məqsəd Venesuelada vəziyyətin daha da gərginləşməsinin və mümkün zorakılıqların qarşısını almaq olub. Məqalədə qeyd olunur ki, kardinal ABŞ Prezidenti Donald Tramp administrasiyasından Venesuela lideri Nikolas Maduronu istefaya razı salmaq üçün diplomatik səbir nümayiş etdirməyi xahiş edib.


 


Parolinin fikrincə, Maduronun ölkədən getməsi üçün təzyiq yox, mərhələli və ehtiyatlı yanaşma daha məqsədəuyğundur. Məlumata əsasən, Parolin Maduronun Rusiyaya sığına biləcəyini də istisna etməyib. Eyni zamanda nəşr iddia edir ki, ABŞ tərəfi vasitəçilər üzərindən Maduro ilə onun Venesuelanı tərk edərək Türkiyəyə getməsi ehtimalını da müzakirə edib. Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti isə məsələ ilə bağlı yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, Milad dövründə aparılan məxfi müzakirələrin məzmununu tam əks etdirməyən fraqmentlərin açıqlanması məyusedicidir.


 


Fidan Hacızadə


Sfera.az