Son dövrlər İranda baş verən kütləvi etirazlar, sosial narazılıqlar və iqtisadi böhran fonunda Qərbin bu ölkəyə münasibəti yenidən müzakirə mövzusuna çevrilib. Beynəlxalq mediada və siyasi dairələrdə Qərbin İranda mövcud dini-siyasi rejimi zəiflədərək, onu dünyəvi əsaslara söykənən yeni bir idarəetmə modeli ilə əvəzləmək niyyətində olduğu iddia olunur.


 


Xüsusilə ABŞ, Avropa İttifaqı və İsrailin bölgəyə dair planları fonunda bu cür ssenarilərin aktuallaşması İranda daxili sabitlik baxımından ciddi risklər yaradır. Analitiklərin fikrincə, xarici təzyiqlərin artması ölkə daxilində milli və etnik məsələləri ön plana çıxararaq, mövcud gərginliyi daha da dərinləşdirə və hətta daxili vətəndaş qarşıdurmasına yol aça bilər.


 


Bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi, həmçinin bölgə ölkələrinin – Azərbaycan, Türkiyə və İranın öz maraqlarını bu mürəkkəb geosiyasi mənzərədə necə uzlaşdıracağı isə əsas suallardan biri olaraq qalır.


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, Qərbin nə istədiyi, Avropa İttifaqının, ABŞ-nin, İsrailin bölgə ilə bağlı hansı planlar içində olması bir tərəfə, Azərbaycan, Türkiyə, İranın nə istədiyi də önəmlidir.


 



 


Politoloq qeyd edib ki, İranı min illər boyunca türk xanədanları idarə edib:


 


“Bu bizim coğrafiyamızdır. Millətin iradəsi əsas alınmalıdır. Hansısa oyuncaq Pəhləvi rejiminin İranda bərpa edilməsini Azərbaycan türkləri qəbul edə bilməz. Artıq İran paradiqma dəyişikliyini Pezeşkianın timsalında həyata keçirməlidir. Bu gün Tehran paytaxt olaraq yararsızdır. Təbriz İranın yeni siyasi, hərbi elitası kimi formalaşdırılmalıdır. Azərbaycan türkləri mütləq mənada yeni İranın formalaşmasında aparıcı rol oynamalıdır. Biz birləşdirici, sintezedici mədəniyyəti təmsil edirik”.


 


T.Nüsrətoğlu nəzərə çatdırıb ki, İranda yaşayan bütün xalqlar rahat şəkildə mərkəzi qüdrətli gücün bayrağı altında, həmçinin Yaxın Şərqdəki bütün xalqlar azad formada öz dillərini yaşada bilməlidir.


 


İmperialistlərin “parçala, hökm et” siyasətinə qoşulmamağın da yolu İranda yaranan xaos mühitində Azərbaycan türklərinin hakimiyyəti ələ almaları, Türkiyə və Azərbaycanla daha normal münasibətlər sistemi quraraq davam etməsi olar.


 


Firuzə Əliyeva


Sfera.az