Ət məhsullarının sağlamlığa təsiri uzun illərdir hər kəsin diqqət mərkəzindədir.
Sfera.az xəbər verir ki, bütün ət növləri eyni dərəcədə faydalı deyil və seçim edərkən ətin növü, yağ tərkibi və hazırlanma üsulu həlledici rol oynayır. Ağ ət, xüsusilə də toyuq və hinduşka əti, sağlam qidalanma baxımından daha üstün hesab olunur. Bu ət növləri daha az doymuş yağ ehtiva edir, zülal baxımından zəngindir və ürək-damar xəstəlikləri riskini nisbətən azaldır. Mütəmadi olaraq ağ ət istehlak edən insanlarda xolesterin səviyyəsi daha stabil olur. Balıq əti isə alimlər tərəfindən ən sağlam ət növlərindən biri kimi qiymətləndirilir.
Xüsusilə somon, skumbriya və sardina kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr ürək sağlamlığını qoruyur, beyin fəaliyyətini dəstəkləyir və iltihabi proseslərin azalmasına kömək edir. Bununla yanaşı, qırmızı ət (mal, qoyun, dana) də müəyyən miqdarda faydalıdır. Qırmızı ət dəmir, sink və B12 vitamini ilə zəngin olsa da, araşdırmamız onun həddindən artıq istehlakının ürək xəstəlikləri və bəzi xroniki problemlər riskini artıra biləcəyini göstərir. Xüsusilə yağlı və emal olunmuş qırmızı ət məhsullarının daha təhlükəli olduğu vurğulanır.
Mütəxəssislər emal olunmuş ətləri (sosiska, kolbasa, hisə verilmiş ətlər) isə ən az sağlam seçim kimi dəyərləndirir. Araşdırmamız bu məhsulların müntəzəm istifadəsinin yüksək təzyiq, ürək-damar xəstəlikləri və digər sağlamlıq riskləri ilə əlaqəli olduğunu göstərir. Sağlam qidalanma üçün balıq və ağ ətə üstünlük verilməli, qırmızı ət isə az və balanslı şəkildə istehlak olunmalıdır. Ətin bişirilmə üsulu da vacibdir. Qaynadılmış, sobada və ya buğda bişirilmiş ət qızardılmış ətə nisbətən daha sağlam hesab olunur.
Niyaz Hacıyev
Sfera.az