ABŞ Prezidenti Donald Tramp səkkiz hərbi münaqişənin həllində birbaşa rol oynadığı üçün Nobel sülh mükafatına layiq olduğunu düşündüyünü açıqlayıb.
Sfera.az xəbər verir ki, o, bu barədə cümə günü Ağ Evdə iri neft şirkətlərinin rəhbərləri ilə görüş zamanı danışıb.
“Tarixdə məndən daha çox Nobel mükafatına layiq olan birini təsəvvür edə bilmirəm. Öyünmək istəmirəm, amma heç kim mənim qədər müharibələri dayandırmayıb. ABŞ-nin 44-cü prezidenti Barak Obama Nobel mükafatını qaza03ndı və özü də niyə aldığını bilmirdi. Hələ də bilmir”, – deyə Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, onun rəhbərliyi dövründə səkkiz böyük müharibə və regional münaqişə dayandırılıb.
“Mən səkkiz müharibəyə, böyük müharibəyə son qoydum. Dayandırdığınız hər müharibəyə görə Nobel mükafatı almalısınız”,- deyə o əlavə edib.
Tramp daha əvvəl də dəfələrlə Nobel sülh mükafatına layiq olduğunu bəyan edib. Yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasında onun səkkiz regional münaqişənin həllində mühüm rol oynadığı vurğulanır. Sənəddə Kamboca-Tayland, Konqo Demokratik Respublikası-Ruanda, Hindistan-Pakistan, İsrail-İran, Misir-Efiopiya, eləcə də Azərbaycan-Ermənistan arasındakı gərginliklərin azaldılması bu siyahıya daxil edilib. Bundan əlavə, sənəddə Trampın Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və özünü müstəqil elan etmiş Kosovo ətrafında gərginliyin azaldılmasında da mühüm rol oynadığı qeyd olunur. Lakin Nobel Komitəsi 10 oktyabr 2025-ci ildə Nobel sülh mükafatının müxalifətçi keçmiş Venesuela parlament üzvü Mariya Korina Maçadoya verildiyini elan edib.
Niyaz Hacıyev
Sfera.az