“Crew-11” missiyası cədvəldən əvvəl, 15 yanvardan gec olmayaraq Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıdacaq.
Sfera.az xəbər verir ki, bu barədə NASA məlumat açıqlayıb. Bildirilib ki, “SpaceX Cargo Dragon” kosmik gəmisinin erkən geri dönüşü ekipaj üzvlərindən birinin səhhətində yaranan tibbi problemlə əlaqədardır. Məlumata görə, kosmik gəminin BKS-dən 14 yanvar saat 02:00-da Bakı vaxtı ilə ayrılması planlaşdırılır. Enişin isə 15 yanvar Bakı vaxtı ilə saat 12:40-da Kaliforniya sahillərində baş tutacağı gözlənilir.
NASA-nın açıqlamasında qeyd olunur ki, ekipaj üzvləri-NASA astronavtları Zena Kardman və Mayk Finke, Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) astronavtı Kimiya Yui və Roskosmos kosmonavtı Oleq Platonov Yerə qayıdacaq. Agentlik əlavə edib ki, missiya rəhbərləri eniş bölgəsindəki şəraiti yaxından izləməyə davam edirlər. Enişin dəqiq vaxtı və yeri kosmik gəminin texniki hazırlığından, bərpa qrupunun vəziyyətindən, hava və dəniz şəraitindən, eləcə də digər amillərdən asılı olacaq.
“NASA və SpaceX” eniş anına daha yaxın konkret qərar verəcək. Xatırladaq ki, 8 yanvar tarixində NASA orbital stansiyadakı ekipaj üzvlərindən birinin tibbi vəziyyəti ilə əlaqədar “Crew-11” missiyasının vaxtından əvvəl Yerə qaytarılması barədə qərar qəbul etdiyini açıqlamışdı. Bildirilib ki, heyət üzvünün vəziyyəti stabildir, lakin tibbi məxfiliyə görə adı açıqlanmır. Fidan Hacızadə Sfera.az