İran Konstitusiyasının Keşikçi Şurasının sözçüsü Hadi Tahan Nazifin bildirib ki, xarici müdaxilə insanların sosial-iqtisadi tələblərlə keçirdiyi dinc etirazları iğtişaşlara çevirib.


 


Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Onun sözlərinə görə, bu hadisələrdə İsraillə 12 günlük müharibə zamanı həlak olan mindən çox iranlının “qanı ilə ləkələnmiş əllər” görünür.


 


Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialının kəskin ucuzlaşmasından sonra Tehranda tacirlərin etirazları başlayıb, ertəsi gün tələbələr də aksiyalara qoşulub. Etirazlar qısa müddətdə iri şəhərlərə yayılıb. Yanvarın 2-dən etibarən naməlum silahlı qrupların peyda olması ilə etirazçılar və hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar artıb. İğtişaşlar yanvarın 8-də pik həddə çatıb. Hadisələr zamanı bir uşaq da daxil olmaqla azı 11 mülki şəxs və bir neçə hüquq-mühafizə əməkdaşı həlak olub. Tehran meri Əlirza Zəkani paytaxtda məscidlərə, banklara, tibb mərkəzlərinə, dövlət binalarına və nəqliyyat vasitələrinə ciddi ziyan dəydiyini açıqlayıb. İran hakimiyyəti iğtişaşçıları terrorçu adlandıraraq, hadisələrdə İsrail və ABŞ-ni ittiham edib.


 


Niyaz Hacıyev


Sfera.az