Son illər balinaların gəmilərə hücumu ilə bağlı xəbərlər artsa da, Sakit okeanda baş verən bu hadisə hələ də film ssenarisi kimi səslənir.


 


Sfera.az bildirir ki, ABŞ-dan olan Uilyam və Simone Batlerin yaşadıqları isə gerçək idi.


 


1989-cu il iyunun 15-də cütlüyün Kosta Rika sahillərindən təxminən 1200 mil uzaqlıqda üzən 12 metrlik yaxtası balina dəstəsinin hücumu nəticəsində batdı. Onların qaçmaq üçün cəmi bir neçə dəqiqəsi oldu. Batlerlər az miqdarda ərzaq, balıqçılıq ləvazimatları və “Survivor-35” adlı əl duzsuzlaşdırma nasosunu götürərək şişmə sala mindilər.


 


Bu kiçik cihaz həyatlarını xilas etdi. Uilyam dəniz suyunu içməli suya çevirərək gündə təxminən 3 litr su əldə edə bildi. Cütlük 66 gün ərzində açıq okeanda qalaraq əsasən çiy balıqla qidalandı.


 


Ağır susuzluq, günəş yanığı və güclü yorğunluğa baxmayaraq, onlar sağ qaldılar. İki aydan çox müddət sonra Kosta Rika Sahil Mühafizəsi tərəfindən tapılaraq Qolfito şəhərində xəstəxanaya yerləşdirildilər. Həkimlər vəziyyətlərinin gözlənildiyindən daha yaxşı olduğunu bildirdilər. Hər ikisi səyahət ərzində təxminən 23 kiloqram çəki itirmişdi.


 


ABŞ-a qayıtdıqdan sonra bu hekayə film və kitab üçün maraq doğursa da, Batlerlər bundan imtina etdilər. Onlar bir müddət okeandan uzaq qalmaq istədiklərini söylədilər.


 


Uilyam Batler 2024-cü ildə, həyat yoldaşı isə ondan bir neçə il əvvəl vəfat edib. 74 min dəniz mili yol qət etmiş, Horn burnunu aşmış təcrübəli dənizçi üçün ən çətin və unudulmaz səyahət məhz bu — Sakit okeanın ortasında 66 günlük sağ qalma mübarizəsi olub.


 


Aynil