“The Wall Street Journal” nəşrinin məlumatına görə, Tramp administrasiyasının rəsmiləri “lazım gələrsə” İrana qarşı hərbi zərbə endirmək ehtimalını nəzərdə tutan ilkin müzakirələr aparıblar. Bu müzakirələrdən sonra ABŞ-nin İrana qarşı konkret tədbirlər planını dəqiqləşdiriləcəyi gözlənilir.
Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, Amerika administrasiyası İranda başlayan etiraz aksiyaları ilə bağlı aktiv şəkildə mövqeyini ifadə edir. Onun sözlərinə görə, demək olar ki, hər gün Donald Trampdan və ya digər Amerika rəsmilərindən bu aksiyalara dəstək xarakterli bəyanatlar səslənir:
“Donald Tramp bildirib ki, etirazlara qarşı sərt addımlar atılarsa və etirazçılar öldürülərsə, ABŞ buna sərt cavab verəcək. Onun sözlərinə görə, bu istiqamətdə bütün variantlar masadadır. Lakin hərbi müdaxilə yolu ən son variant kimi nəzərdən keçirilir. Hazırda ABŞ-nin siyasəti daha çox qeyri-hərbi vasitələrə üstünlük verməkdən ibarətdir. Bu çərçivədə Vaşinqton etirazçıları dəstəkləyən bəyanatlar verir, onlara informasiya və media dəstəyi göstərir, İran rejiminə qarşı psixoloji təbliğatı gücləndirir, etirazçıların internet resurslarına çıxış imkanlarının artırılmasına dəstək verir, eləcə də İranın rəsmi media qurumlarına və dövlət strukturlarına qarşı kiberhücumlar təşkil edir”.
Politoloq hərbi variantın tam istisna edilmədiyini də vurğulayıb:
“ABŞ-nin hərbi müdaxiləyə əl atması İran elitasında ciddi çatlar yarada və rejimin ən zəif anında bu addımın atılmasına gətirib çıxara bilər. Bu baxımdan Vaşinqtonun Venesuela ssenarisini təkrarlaya biləcəyi ehtimalı da istisna edilmir. Digər tərəfdən, hərbi müdaxilə yalnız İran hakimiyyətinin ABŞ-nin bölgədəki hərbi bazalarına və maraqlarına birbaşa təhdid yaradan addımlar atacağı təqdirdə gündəmə gələ bilər. Hazırkı mərhələdə isə ABŞ-nin İrana qarşı mövqeyi daha çox siyasi təzyiq aləti kimi dəyərləndirilir və yaxın perspektivdə hərbi müdaxilə ehtimalı yüksək qiymətləndirilmir”.
Niyaz Hacıyev
Sfera.az