ABŞ Nümayəndələr Palatasının üzvü Elis Stefanik İranda davam edən ümumxalq etirazları ilə bağlı açıqlama verib. O bildirib ki, ABŞ ayətullahların terrorçu rejimi tərəfindən tapdalanmış hüquq və insan ləyaqətlərini bərpa etmək, eləcə də ölkələrini geri almaq uğrunda cəsarətlə mübarizə aparan İran xalqının yanında qətiyyətlə dayanır.
Stefanikin sözlərinə görə, ABŞ terrorçu rejim tərəfindən İran vətəndaşlarının qətlə yetirilməsini cavabsız qoymamalıdır.
ABŞ bu məqamda hansı addımları ata bilər: sanksiya ya birbaşa hərbi müdaxilə?
Sfera.az-a bununla bağlı açıqlama verən politoloq Zeynal Əmrəliyev ABŞ-nin İrana qarşı birbaşa hərbi müdaxiləsi ola biləcəyini və bu mövzuda müxtəlif fikirlər səsləndirildiyini deyib. Politoloqun sözlərinə görə, hazırda Amerika cəmiyyəti və siyasi sistemi bu məsələ ilə bağlı faktiki olaraq iki yerə bölünüb:
“Bir qrup mövcud rejimə qarşı hərbi müdaxilənin, xüsusilə hava hücumlarının baş verməsini istəyir və bunun inqilabi prosesi sürətləndirəcəyini düşünür. Digər qrup isə hesab edir ki, belə bir addım İran hakimiyyətinə fürsət yaradaraq cəmiyyəti ABŞ və İsrailə qarşı birləşdirə biləcək. Nəticədə isə etirazların bu yolla yatıra biləcəyindən ehtiyat edilir. İndiki mərhələdə İrana qarşı hərbi müdaxilə əks effekt verə bilər. Çünki hazırkı etirazlar hələ tam inqilab səviyyəsinə çatmayıb və hökumətin taleyini birbaşa müəyyən edəcək gücdə deyil. Bununla belə, bu proseslər inqilabın ilkin əlamətləri kimi qiymətləndirilə bilər və artıq bu onu göstərir ki, İranda heçnə əvvəlki kimi olmayacaq”.
Z.Əmrəliyev əlavə edib ki, mövcud rejim də bu reallığı anlayır və dərk edir:
“Buna görə də islahatlar keçirməyə məcburdur. Bu baxımdan İranda hansı istiqamətdə islahatların aparıla bilər desək. Məsələn, tədricən liberal respublika modelinə keçid üçün addımlar atıla bilər. Ali dini rəhbər institutunun zəiflədilməsi, zamanla bu postun funksional baxımdan ləğv edilməsi və əvəzində güclü prezident idarəetmə sisteminin formalaşdırılması mümkün ssenarilər sırasındadır. Bununla paralel olaraq, liberal iqtisadi islahatlar həyata keçirilə bilər. Beləliklə, İran tədricən İslam Respublikası modelindən çıxaraq normal liberal respublika modelinə keçid edə bilər.
Digər mühüm məsələ isə İranın beynəlxalq münasibətlər sistemində davranışlarını dəyişməsidir. ABŞ və İsraillə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılması, dünya neft bazarına tam çıxışın təmin olunması İran iqtisadiyyatının dirçəldilməsi üçün əsas şərtlərdən biridir. Hazırda İran iqtisadiyyatı həm sanksiyalar, həm də qlobal enerji bazarlarına məhdud çıxış səbəbindən ciddi böhran vəziyyətindədir. Buna görə də bu yolda müəyyən dərəcədə addımlar atıla bilər”.
Fidan Hacızadə
Sfera.az