Kuba Dövlət Şurasının sədri Miqel Dias Kanel ölkəsinə qarşı xarici təzyiqlər, xüsusilə də ABŞ siyasəti ilə bağlı açıqlama verərək bildirib ki, “Bizə heç kim nə edəcəyimizi diktə edə bilməz”.


 


Dias Kanel “X” platformasında yazdığı paylaşımda ABŞ Prezidenti Donald Tramp tərəfindən Kubaya yönəlmiş ittiham və hücumların arxasında, Kuba xalqının öz siyasi modelini suveren iradəsi ilə seçməsini qəbul edə bilməyən dairələrin dayandığını vurğulayıb.


 


Kuba lideri əlavə edib ki, ölkəsi heç bir dövlətə hücum etməyib, əksinə 66 ildir ABŞ-nin təzyiq və hücumlarına məruz qalır.


 


O, Kubanın “qanının son damlasına qədər özünü müdafiə etməyə hazır” olduğunu bildirib. ABŞ-nin Venesuelaya qarşı sərt siyasətindən sonra növbəti hədəf Kuba ola bilərmi?


 


Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, əslində, Kuba Dövlət Şurasının sədri Miqel Dias Kanelin ABŞ-nin təzyiqlərinə qarşı verdiyi sərt açıqlamalar Vaşinqton-Havana münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini göstərir.


 



 


“Onun mesajı təkcə emosional reaksiya deyil, Kubanın uzun illərdir davam edən xarici təzyiqlər fonunda öz siyasi suverenliyini qorumaq niyyətinin açıq ifadəsidir. ABŞ Prezidenti Donald Trampın Kubaya yönəlmiş ittihamları isə Vaşinqtonun bu ölkəni regional strategiyasının növbəti hədəfi kimi nəzərdən keçirdiyi ehtimalını gücləndirir. ABŞ-Kuba münasibətlərinin tarixi konteksti göstərir ki, problem yalnız insan haqları və ya demokratiya məsələləri ilə məhdudlaşmır. Əsas məsələ Kubanın öz siyasi modelini ABŞ-nin təsirindən kənarda, müstəqil şəkildə davam etdirməsidir. Bu baxımdan Dias Kanelin çıxışı, ABŞ-nin Kubaya qarşı siyasətinin arxasında Havana rejiminin legitimliyini qəbul etməyən dairələrin dayandığına dair mesaj xarakteri daşıyır. Kuba liderinin 66 illik təzyiqlərdən və hücumlardan bəhs etməsi isə ABŞ-nin tətbiq etdiyi iqtisadi blokadanın və sanksiyaların davamlılığını bir daha gündəmə gətirir”.


 


Ekspert ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi sərt siyasətin Kubaya da tətbiq olunub-olunmayacağı sualına birmənalı cavab verməyin çətin olduğunu qeyd edib:


 


“Tramp administrasiyasının Maduroya qarşı sanksiyalar, beynəlxalq legitimliyin sarsıdılması və alternativ siyasi fiqurun önə çıxarılması kimi alətlərdən istifadə etdiyi məlumdur. Lakin bu ssenarinin Kubada tam şəkildə təkrarlanması real görünmür. Kubada hakimiyyət elitası daha mərkəzləşmişdir, ordu və təhlükəsizlik strukturları siyasi rəhbərliyə sadiqdir və cəmiyyətdə xarici müdaxiləyə qarşı dərin tarixi həssaslıq mövcuddur. Bu faktorlar ABŞ-nin Kubada Venesueladakı kimi daxili parçalanma yaratmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bununla belə, bu, Kubanın növbəti təzyiq hədəfi olmayacağı anlamına gəlmir. Düşünürəm ki, ABŞ iqtisadi və diplomatik təzyiqləri daha da gücləndirməklə istədiyinə nail olmağa çalışacaq.


 


Sanksiyaların sərtləşdirilməsi, maliyyə və ticarət məhdudiyyətlərinin dərinləşdirilməsi, informasiya müharibəsinin genişləndirilməsi Tramp administrasiyası üçün həm xarici, həm də daxili siyasi baxımdan əlverişli alətlərdir. Xüsusilə Florida ştatındakı kubalı mühacir elektorat üçün sərt Kuba siyasəti Trampın daxili siyasi mövqeyini möhkəmləndirə bilər. Dias Kanelin “qanının son damlasına qədər müdafiə olunacağı” barədə dedikləri isə birbaşa hərbi eskalasiya çağırışından daha çox siyasi və psixoloji mesaj kimi qiymətləndirilməlidir. Bu həm daxili auditoriyanı səfərbər etməyə, həm də ABŞ-ni və beynəlxalq ictimaiyyəti Kubanın təzyiqlər qarşısında geri çəkilməyəcəyinə inandırmağa yönəlib”.


 


R.Bayramov ümumilikdə ABŞ-nin Venesuela ssenarisinin Kubada tam şəkildə təkrarlanması ehtimalının zəif olduğunu bildirib. Lakin Tramp dövründə Kubaya qarşı iqtisadi, diplomatik və siyasi təzyiqlərin artması yüksək ehtimallı ssenari olaraq qalıb.


 


Bəsti Rəfizadə


Sfera.az