ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən biri olan “Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Lyuk Kofinin “Be prepared” (“Hazır olun”) paylaşımı regionda onsuz da gərgin olan geosiyasi fonu daha da diqqət mərkəzinə gətirib.
Paylaşımda Azərbaycan bayrağının yer alması mesajın ünvanı və məqsədi ilə bağlı müxtəlif ehtimalları gündəmə gətirib və suallar doğurub. Xüsusilə İranda artan etirazlar, daxili siyasi gərginlik və regionda mümkün dəyişikliklər fonunda bu mesajın Cənubi Azərbaycanda yaşayan milyonlarla azərbaycanlıya dolayı çağırış olub-olmaması müzakirə mövzusudur.
Digər tərəfdən Emənistanla Azərbaycan arasında baş tutması gözlənilən sülh müqaviləsi ilə bağlı paylaşım olub-olmaması ehtimalı gündəmə gəlib.
Maraqlıdır, həqiqətən paylaşımın məqsədi nədir? Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Lyuk Kofinin “hazır olun” paylaşımını Azərbaycan üçün yaxın zamanlarda yeni dəyişikliklərin olacağına ünvanlanmış bir mesaj hesab edir.
“Lyuk Kofi Azərbaycanın suverenliyini dəstəkləyən ekspertdir. Belə ki, yaxın zamanlarda ola bilsin Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin qəti addımları baş versin. Yəni TRIPP layihəsinin təməlinin qoyulması yaxın vaxtlarda baş tuta bilər”.
Deputatın fikrincə, bu mesajı Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına “hazır olun” kimi də deşifrə etmək olar:
“Çünki sülh müqaviləsinin paraflanması Vaşinqtonda baş tutub. Ola bilsin ki, ABŞ yekun sülh müqaviləsinin imzalanmasına da ev sahibliyi etmək istəyir. Bu baxımdan Lyuk Kofinin paylaşımının mənasını Azərbaycan üçün müsbət gözləntilərin olacağı ilə bağlı hesab edirəm. İranla, oradakı etiraz dalğaları ilə bağlı hər hansı çağırış olduğunu ehtimal etmirəm”.
Bəsti Rəfizadə
Sfera.az