İranda baş verən kütləvi etiraz aksiyaları ölkədə mövcud siyasi sistemin legitimliyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə sosial-iqtisadi problemlər, siyasi azadlıqların məhdudlaşdırılması, qadın hüquqları, etnik və dini ayrı-seçkilik kimi amillər cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıq yaradıb.


 


İranda baş verən etiraz aksiyalarına əsaslanaraq, ölkədəki rejimin artıq legitimliyini itirdiyini demək olarmı?


 


Bu haqda Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımovun fikrincə, etiraz dalğası legitimlik məsələsindən daha çox iqtisadi məsələlərlə bağlıdır.


 



 


“Çünki biz xatırlayırıq ki, İranda təxminən bir il əvvəl prezident seçkiləri keçirildi və seçkilərdə Məsud Pezeşkianla Səid Cəlili arasında çox kəskin rəqabət yaşandı. Biz gördük ki, İranda bu seçkilərə maraq kifayət qədər yüksək idi. Bu da onu göstərir ki, İran cəmiyyətində siyasi sistemlə bağlı elə də ciddi bir apatiya yoxdur. Tam əksinə, əgər xalqın istədiyi namizədlər irəli sürülərsə və xalqın tələblərini səsləndirən şəxslər seçkilərdə yarışarsa, bu zaman biz xalqın daha çox fəallaşdığını görürük. Misal üçün, qeyd etmək lazımdır ki, Səid Cəlili daha çox mühafizəkar qüvvələri, Məsud Pezeşkian isə daha çox mərkəzçi və islahatçı qüvvələrin tələblərini yeni bir dillə ifadə edirdi. Beləliklə, hər iki tərəf müəyyən fəallıq göstərə bilmişdi. Lakin son məsələlərə baxdıqda görürük ki, İranda iqtisadi vəziyyət artıq durğunluq həddini aşmaq üzrədir. Çünki İranın milli valyutası olan rialın ciddi şəkildə devalvasiyaya uğraması və bu devalvasiyanın katalizator rolunda çıxış etməsi işsizliyin və inflyasiyanın artmasına, xüsusilə ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub ki, bu da etirazların əsas səbəblərindən biridir”.


 


Politoloq 1979-cu ildən bu yana İranda mövcud olan, həllini tapmayan bir sıra problemlərin olduğunu vurğulayıb:


 


“Xüsusilə infrastrukturun ciddi şəkildə köhnəldiyini görürük. Yəni İranda, 1979-cu ildən bu yana müəyyən problemlər mövcuddur: sanksiyalar, İraq müharibəsi, daha sonra İranın külli miqdarda vəsait xərclədiyi proksi qüvvələr məsələsi və digər amillər. Təbii ki, korrupsiyanı da vurğulamaq lazımdır. Bu səbəblərdən infrastruktur layihələrinə kifayət qədər vəsait ayrılmayıb və nəticədə infrastruktur köhnəlib, xalqın tələblərinə cavab vermir. Bu vəziyyət ən çox kənd təsərrüfatında özünü göstərir və təbii ki, kənd təsərrüfatının geriləməsi bazar qiymətlərinə də mənfi təsir edir.


 


Mən hesab edirəm ki, əgər İran hökuməti iqtisadi islahatlara üstünlük verərsə, əhali arasında narazılıq müəyyən dərəcədə azala bilər. Digər tərəfdən, etnik mənsubiyyətlə bağlı milli kimliyin tanınması məsələsi də mövcuddur. Cənubi azərbaycanlı soydaşlarımız və digər etnik qruplar İranda haqlarına uyğun şəkildə milli kimliklərinə qovuşa bilməyiblər. Burada dil məsələsi, etnik və milli mənsubiyyət məsələləri var ki, bunlar həll edilməlidir. Eyni zamanda, korrupsiya hallarına və sistemdə böhrana səbəb olan amillərə qarşı real mübarizə aparılarsa, bu, İranda vəziyyətin sabitləşməsinə gətirib çıxara bilər. Əks halda, əgər İran hökuməti bu problemlərlə məşğul olmayacaqsa, o zaman sistem həqiqətən də daha ciddi problemlərlə üz-üzə qalacaq”.


 


Bəsti Rəfizadə


Sfera.az