Xəbər verdiyimiz kimi, İran İslam Respublikasında son iki həftədir davam edən kütləvi etirazlar ölkənin ən ciddi ictimai‑siyasi böhranına çevrilməkdədir.


 


Hökumət internet və telefon əlaqələrini genişmiqyaslı şəkildə kəsib, ölkə daxilində kommunikasiya ciddi şəkildə məhdudlaşdırılıb. Bu isə ölkə daxilində həyatı çətin vəziyyətə salıb. Bu fonda isə təbii olaraq yerli əhalinin miqrasiyası məsələsi aktuallaşır. 


 


Maraqlıdır, İranın yaxın perspektivdə taleyi necə proqnozlaşdırılır? Vətəndaşların kütləvi şəkildə başqa ölkələrə xüsusən də Azərbaycana miqrasiya etməsi gözlənilirmi?


 


Politoloq Elçin Xalidbəyli mövcud suallarla bağlı Sfera.az-a açıqlamasında bildirib ki, İranda hazırda baş verən hadisələr hər hansı bir dövlət üçün olduqca ciddi təhlükə doğuran proseslərdir. O, rejim dəyişikliyinin ola biləcəyinə toxunub:


 



 


“Yəni hər bir ölkənin daxilində iğtişaşlar, kütləvi etiraz dalğaları həmin ölkələrin, o cümlədən də indiki örnəkdə İranın gələcək taleyi üçün olduqca ciddi təhlükələr yaradır. Təbii ki, bu kütləvi etiraz dalğasının əsas qaynağı və səbəbləri məhz İranın daxilindədir. Çünki İranda sosial-iqtisadi böhran yaşanır, insanların yaşayış səviyyəsi olduqca aşağıdır. Eyni zamanda ölkədə əhalinin şəxsi və özəl həyat fəaliyyətinə də ciddi şəkildə müdaxilə olunur. Bütün bu böhranlı proseslər ümumiləşərək son nəticədə belə kütləvi etiraz dalğasına, daha dəqiq desək, iğtişaşlara və daxili xaosa yol açır. Hazırda İran olduqca taleyüklü bir mərhələdən keçir. Etiraz dalğası İranda hakimiyyət dəyişikliyinə və yaxud rejim dəyişikliyinə səbəb ola bilər. Eyni zamanda mövcud siyasi rejim bu etiraz dalğasını yatıra da bilər və yaxud müdafiə taktikasına keçərək prosesləri uzada, son nəticədə kütləvi etiraz dalğasının tədricən zəifləməsinə nail ola bilər. Bu proseslərə kənardan da müdaxilə olmamış deyil".


 


E.Xalidbəyli xüsusilə ABŞ-nin açıq-aşkar kütləvi etiraz aksiyalarını və iştirakçılarını dəstəklədiyini bildirdiyini əlavə edib. Ekspert növbəti mərhələrdə İrana qonşu olan ölkələrə, o cümlədən Azərbaycana da problem yarana biləcəyini diqqətə çatdırıb:


 


“Ancaq ABŞ çox etibarsız bir himayədardır, çünki adətən dəstək verdiyini bəyan etsə də, həlledici məqamda bu dəstəyi real olaraq göstərməyə tələsmir və kənardan müşahidə etməyə üstünlük verir. Böyük ehtimalla, ABŞ-nin hazırda İrana münasibətdə tutduğu taktika da bu ənənəyə uyğundur. Sonradan hədəflərin və yaxud məqsədlərin dəyişib-dəyişməyəcəyi isə hələlik müəmmalıdır. Ola bilər ki, mövqelər dəyişsin və iddia etdikləri kimi əhaliyə qarşı zorakılığa hansısa zərbələrlə cavab versinlər, yəni reaksiya göstərə bilərlər. Yəni ABŞ də, ümumiyyətlə Qərb siyasi dairələri də hələlik baş verən hadisələri müşahidə edir. Bu baxımdan İrandakı hadisələrin inkişaf tempinin müəyyən mərhələyə yaxınlaşdığı müşahidə olunur. Əgər bu mərhələdə ölkə daxili xaosa və yaxud vətəndaş müharibəsi kimi istiqamətlərə yönələrsə, o zaman qonşu ölkələrə, o cümlədən Azərbaycana, Türkiyəyə və region ətrafındakı digər dövlətlərə müəyyən problemlər yarana bilər. Bu da daha çox humanitar və siyasi məzmunlu problemlər kimi özünü göstərə bilər. Ancaq ümumi götürdükdə, hələlik hadisələrin yekun olaraq necə nəticələnəcəyini iddia etmək çox tezdir”.


 


Fidan Hacızadə


Sfera.az