Son illərdə telefon, planşet və kompüterdən istifadənin artması, xüsusilə gənclər arasında mavi ekrana uzunmüddətli məruz qalma ilə bağlı sağlamlıq risklərini gündəmə gətirib.
Sfera.az xəbər verir ki, saatlarla ekran qarşısında vaxt keçirmək həm fiziki, həm də psixoloji problemlərin yaranma ehtimalını artırır.
Uzunmüddətli ekrana tamaşa etmək ilk növbədə göz sağlamlığına mənfi təsir göstərir. Göz yorğunluğu, quru göz sindromu, baş ağrıları və bulanıq görmə ən çox rast gəlinən problemlər sırasındadır. Eyni zamanda, uşaqlar və yeniyetmələr arasında uzağı görməmənin (miyopiya) artması da ekran önündə çox vaxt keçirmə əlaqələndirilir.
Araşdırma mavi işığın yuxu rejimini pozduğunu da ortaya qoyur. Xüsusilə gecə saatlarında ekrana baxmaq melatonin hormonunun ifrazını azaldır, nəticədə gənclər gec yatmağa başlayır, yuxu müddəti və keyfiyyəti aşağı düşür. Bu isə gündüz diqqət dağınıqlığına, yorğunluğa və dərs göstəricilərinin zəifləməsinə səbəb ola bilər.
Uzunmüddətli ekran istifadəsi psixoloji riskləri də artırır. Davamlı olaraq telefon və kompüter qarşısında vaxt keçirmək gənclərdə stress, narahatlıq, əsəbilik və sosial təcrid hallarının güclənməsinə yol aça bilər. Diqqət toplamaqda çətinlik və emosional həssaslıq da bu risklər sırasında göstərilir.
Fiziki sağlamlıq baxımından isə ekran asılılığı oturaq həyat tərzini gücləndirir. Fiziki aktivliyin azalması piylənmə, maddələr mübadiləsinin zəifləməsi və gələcəkdə ürək-damar xəstəlikləri riskinin artması ilə nəticələnə bilər.
Gənclərə ekran vaxtını məhdudlaşdırmaq, hər 30–40 dəqiqədən bir fasilə vermək, açıq havada daha çox vaxt keçirmək və xüsusilə yatmazdan əvvəl telefon və kompüterdən uzaq durmaq tövsiyə edilir. Qeyd olunur ki, düzgün balans qorunduğu halda mavi ekranın yaratdığı riskləri minimuma endirmək mümkündür.
Niyaz Hacıyev
Sfera.az