ABŞ senatoru Rend Pol (Kentukki ştatından respublikaçı) ABC telekanalına açıqlamasında bildirib ki, İslam Respublikasında davam edən etirazlar fonunda ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etməsi əks nəticə verə bilər. Onun sözlərinə görə, belə bir addım yerli əhalinin “milli bayraq ətrafında birləşməsi”nə səbəb ola bilər.


 


Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, İranda baş verən genişmiqyaslı etiraz aksiyaları fonunda ABŞ-nin İrana zərbələr endirməsi və etirazların nəticəsi istiqamətində dəstək göstərməsi ehtimalı getdikcə daha inandırıcı görünür:




“Çünki İrandakı etirazçılar ABŞ-nin və prezident Trampın dəstəyinə ümid edərək özlərini riskə atırlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, saxlanılan şəxslərin sayı da kifayət qədərdir. Bütün bu amillər fonunda müxtəlif ssenarilər və ehtimallar güclənir. Bildirilir ki, ABŞ-nin İrana zərbələr endirməsi və etirazları daha güclü şəkildə dəstəkləməsi, onlara açıq şəkildə tərəfdar çıxması xalqı hakimiyyət ətrafında birləşdirə bilər. Bu yanaşma müəyyən qədər inandırıcı görünür”.


 





Politoloq qeyd edib ki, eyni zamanda əks proseslərin baş verməsi ehtimalı da istisna edilmir:




“Hakimiyyətə tərəddüd edən, indiyədək etirazlara qoşulmayan, dövlət büdcəsindən maliyyələşən işçilər və dövlət qulluqçuları hazırda aksiyalarda iştirak etmirlərsə, gələcəkdə daha geniş miqyasda etirazçıların yanında yer ala bilərlər. Bu ehtimal da kifayət qədər güclüdür. Ümumilikdə isə proseslərin gedişatı ABŞ-nin atacağı addımlardan birbaşa asılıdır. Təcrübə və praktika göstərir ki, İran hakimiyyətinə qarşı kənar təzyiqlər gücləndikdə, xalqın bir hissəsi rejimi dəstəkləmək mövqeyinə də keçə bilər. Bu amil də mütləq nəzərə alınmalıdır”.


 


Niyaz Hacıyev

Sfera.az