Naxçıvana yolunuz düşəcəksə, bu qədim diyarın ən məşhur dini-mədəni məkanlarından biri olan “Əshabi-Kəhf”i hökmən ziyarət etməyinizi tövsiyə edirik. Bura qədim inanc, möcüzəvi rəvayətlər və təbiətin sirli gözəlliyini özündə birləşdirən ecazkar məkandır.
Sfera.az xəbər verir ki, ziyarətgah əsrlər boyu insanların ilahi niyyətlərinə ünvan olub, adı artıq ölkə sərhədlərini aşaraq beynəlxalq səviyyədə tanınıb.
Kiçik yaşlarımdan nənəmin mənə danışdığı hekayələr hələ də qulağımda səslənir: "Bura niyyət edib gələnlərin arzularının gerçəkləşdiyi, Damcıxanada başına düşən bir damcının övlad arzularına ümid verdiyi məkandır". Nənəmin sözlərinə görə, ziyarətgahı yeddi il ardıcıl ziyarət etmək hətta Kərbala və Həcc səfətinə bərabər tutulurdu. İllər sonra, nəhayət, mən də bu müqəddəs ocağın ətri və sükutunu duymaq imkanı qazandım.
Təbiətin qoynunda müqəddəs sükut
Ziyarətgah Culfa rayonunun Bənəniyar kəndi ərazisində, İlandağ və Nəhəcir dağı arasında yerləşir. Naxçıvan şəhərindən cəmi 12 kilometr məsafədədir. Tarixi məlumatlara görə, Quranda adı keçən “Əshabi-Kəhf”in yeri tam dəqiqləşməsə də, Suriya, Türkiyə və Naxçıvanda iddia edilən üç məkan var. Amma ziyarətçilərin çoxluğu göstərir ki, diqqət əsasən Naxçıvana cəmlənib.
Buraya gələnlər dua edir, Allah yolunda qurban kəsir, niyyətlərini bildirir. Ziyarətin vaxtı ilə bağlı heç bir məhdudiyyət yoxdur, ilin istənilən fəslində bu müqəddəs ocağı ziyarət etmək mümkündür. Yaş məhdudiyyəti də yoxdur.
1998-ci ildə Ümummilli lider Heydər Əliyevin göstərişi ilə ziyarətgah abadlaşdırılıb, burada məscid tikilib, yollar çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıb. Ərazidə həmçinin “Qonaq Evi” və “Bələdçi otağı” fəaliyyət göstərir. Mağara güneydən başlayaraq quzey istiqamətində dağın içərisinə doğru uzanır və sanki təbiət özü insanları içəri dəvət edir.
Rəvayətlərdə "Əshabi-Kəhf"
"Əshabi-Kəhf" mağarasının müqəddəsliyi xalq arasında yayılan rəvayətlərdə öz əksini tapıb. Rəvayətə görə, Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmü ərşə dayandığı zaman vəzir Təmirxan və yaxın dostları zülmdən qurtulmaq üçün dağlara sığınır. Yolda onların yanına çobanın iti qoşulur, amma iti yerini xəbər verdiyindən vəzir onu vurur. Maraqlı bir hadisə baş verir: it insan kimi danışaraq zülmdən qaçdığını bildirir və ölür.
Vəziyyəti öyrəndikdən sonra vəzir və dostları mağaraya sığınır, dərin yuxuya gedirlər. Oyandıqda vəzir şəhərə çörək almağa gedir, amma pulun mənşəyi ilə bağlı başa düşülməz hadisələr baş verir. Daha sonra insanlar mağaranın möcüzəli olduğuna inanaraq ziyarət etməyə başlayırlar. Əlavə rəvayətlərdə isə Əhli-Beytin atası Həzrəti Əlinin ziyarətgahı ziyarət etdiyi və atının Düldülün ayaq izini qayada qoyduğu qeyd edilir.
Damcıxana – arzuların ümid yeri
Ziyarətgahın ən məşhur məqamlarından biri Damcıxanadır. Burada tavandan düşən damcı hər bir niyyət üçün işarə sayılır. Damcı başa və çiyinə düşərsə niyyət tez, aşağı hissələrə düşərsə nisbətən gec həyata keçər. Bu, ziyarətçilər arasında çox möhkəm inamdır.
Mağaranın divarında “Yeddi kimsənə” adlanan izlər var. İnsanlar onları öpərək arzularını bildirir. Burada piyada ziyarət etmək, qurban kəsmək, daş atmaq kimi ritualar da yerinə yetirilir. Məscid və Damcıxana ziyarətgahın əsas məqamlarıdır, məscidə yalnız namaz qılanlar və nəziri olanlar daxil ola bilər.
Ziyarətgahın ərazisində üç müqəddəs su mənbəyi fəaliyyət göstərir: biri xəstələrin şəfa tapması üçün, digəri dualar və xörək hazırlanması üçün, üçüncüsü isə Damcıxanadır, arzuların gerçəkləşməsi ilə əlaqələndirilir.
Ziyarətin ən uca nöqtəsi Cənnət bağıdır. Silindr formasında qayalarla əhatə olunan dar keçid boyunca bitmiş dağdağan ağacına insanlar arzularını yazıb parçalar bağlayırlar. Bu məkan sanki dua və niyyətlərin həyata keçdiyi, insan ruhunun ilahi sükuta qarışdığı bir yerdir.
Ziyarətgahı tərk edərkən insan özünü həm qürurlu, həm də təsirlənmiş hiss edir. Burada qədim inanc, möcüzəli təbiət və dini ənənələr birləşir, oxucuya həm ruhani sükut, həm də tarixə səyahət imkanı verir.
Firuzə Əliyeva
Sfera.az