İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf parlamentdə deputatlara müraciəti zamanı bildirib ki, ABŞ hərbi hücum həyata keçirərsə, həm İsrail, həm də ABŞ-nin hərbi və dəniz mərkəzləri İran üçün legitim hədəf olacaq.
ABŞ və İsrailin rejim əleyhinə etirazçıları dəstəklədiyini iddia edən Qalibaf deyib: “Düşmənlər 12 günlük müharibə zamanı ölkə daxilində terrorçuları hərəkətə keçirməyi planlaşdırmışdılar, lakin buna nail ola bilmədilər. İndi isə daxildə terrorçu qrupları aktivləşdiriblər. Biz terrorçularla mübarizə aparırıq”.
Bəs İran rəhbərliyinin iddia etdiyi kimi, ölkədəki bu genişmiqyaslı etirazların arxasında doğrudan da İsrail və ABŞ-nin təsiri və ya yönləndirməsi dayanırmı, yoxsa baş verənlər daha çox daxili iqtisadi və sosial problemlərin nəticəsidir?
Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Tural İrfanın fikirlərinə əsasən, İrandakı vəziyyət, xalqın etirazı və kütləvi iğtişaşlar həqiqətən də hakimiyyətin iqtisadi və siyasi tənəzzülü ilə bağlıdır:
“Ölkədə iqtisadi durum ağırdır və bunu dəfələrlə ölkə prezidenti Məsud Pezeşkiyan da açıq şəkildə bəyan edib. O, hətta islahatlar aparmasına rejimin mahiyyətinin mane olduğunu dilə gətirməkdən çəkinməyib. Buna görə də canı boğazına yığılmış xalqın etirazını ABŞ və ya İsrailin üzərinə atmaq gülüncdür. Bu dövlətlər sadəcə öz maraqlarına uyğun olaraq hakimiyyətin dəyişməsini istəyirlər. Ancaq əsas səbəb teokratik rejimin qəddarlığı, əhalinin problemləri və hüquqlarının tapdanmasıdır. İqtisadi və sosial problemləri həll etmək, xalqı sakitləşdirmək əvəzinə ABŞ və İsrailin hərbi və dəniz mərkəzlərinə zərbə vurmağı düşünmək rejimin siyasi təfəkkürünün tənəzzülə uğradığını göstərir. Qalibafın öz xalqını terrorçu adlandırması, əhalini kütləvi şəkildə qırmaq üçün bəhanə axtarması çaşqınlığın açıq əlamətidir. Halbuki rejim dərhal islahatlara söz versə, güc tətbiq etməkdən və etirazçıları kütləvi şəkildə qırmaqdan çəkinib danışıqlara getsə, vəziyyəti nəzarətə almaq, bəlkə də problemi həll etmək olar”.
Ekspert İranın İsrail və ABŞ-nin nöqtələrinə hərbi müdaxiləsinin molla rejiminin çöküşünü daha da sürətləndirəcəyini vurğulayıb:
“İran molla rejimi xarici düşmən obrazının rolunu şişirdərək xalqı bu düşmənlə mübarizə ətrafında birləşdirmək, diqqəti yayındırmaq istəyir. Ölkədəki bütün yanlışlıqları, ağır durumu və problemləri İsrail və ABŞ-nin üzərinə atmaqla sanki uşağı nağıllarla aldatmağa çalışır. Lakin prezident Pezeşkiyan bununla bağlı da bildirmişdi ki, ölkədəki ağır durumun səbəbkarı ABŞ və İsrail deyil, məhz rejimin özüdür. Hesab edirəm ki, bu hərəkat rejimin sonunu gətirəcək, çünki artıq ox yaydan çıxıb. Prezident dəfələrlə rejimə, siyasi-teokratik sistemin qara pərdə arxasında oturan ideoloji dayaqlarına ismarıclar göndərib ki, problemləri həll etmək lazımdır. Lakin onlar buna əhəmiyyət vermədilər. İndi İran rejimi etiraz edən xalqı qəddarlıqla qırmağa başlasa, ABŞ-nin etirazçıları qorumaq üçün hərbi müdaxiləsi baş tuta bilər. Çünki çarəsiz etirazçılar kütləvi şəkildə həbs olunaraq rejim tərəfindən öldürülə bilərlər. Bunu rejimin başında duranlar dəfələrlə açıq şəkildə bəyan ediblər”.
Bəsti Rəfizadə
Sfera.az