Bakı Kommersiya Məhkəməsinin qərarına baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyi kommersiya müəssisəsinin təbii qaz təchizatını bərpa etmək istəmir. 




Sfera.az xəbər verir ki, belə bir iddia ilə redaksiyamıza müraciət edən “Greens Az” MMC-nin rəsmisi bildirib ki, bir müddət öncə “Azəriqaz” əsas olmadan müəssisənin qaz təchizatını dayandırıb.


 


Müəssisə bununla bağlı olaraq məhkəməyə müraciət edib və Bakı Kommersiya Məhkəməsi 24 dekabr 2025-ci il tarixində istehlakçının haqlı olduğuna dair qərardad çıxarıb. 




Saytımıza açıqlama verən “Greens Az” MMC-nin İcraçı Direktoru Faiz Osmanlı qeyd edib ki, məhkəmənin sözügedən qərarına baxmayaraq qaz təchizatı hələ də barpa olunmayıb. 


 


Qərardada əsasən, Ağdaş rayonu, Kükəl kəndində yerləşən istixana obyektinə təbii qazın verilməsinin dayandırılması “Azəriqaz”a qadağan olunub və qərarın dərhal icra edilməsi tapşırılıb.


 


Məhkəmə qərarında qeyd olunub ki, qaz təchizatının dayandırılması obyektin normal fəaliyyətinə ciddi maneə yaradır və bu hal sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs üçün borcun məbləği ilə müqayisədə daha ağır iqtisadi zərərlə nəticələnə bilər. Hakim vurğulayıb ki, belə vəziyyət istehlakçının hüquqlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur və “mütənasiblik” prinsipinə ziddir.


 


Qərardadda açıq şəkildə bildirilib ki, müvəqqəti təminat tədbiri bir ay müddətinə tətbiq edilir və bu müddət ərzində qazın kəsilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən isə bu tip qərardadlar dərhal icra olunmalıdır.


 


Lakin şirkət rəsmisinin iddiasına görə, məhkəmə qərarı qüvvədə olduğu halda “Azəriqaz” tərəfindən qazın verilməsi təmin edilməyib. Bu isə məhkəmə aktının icra edilməməsi və hüquqi tələblərin pozulması ilə bağlı ciddi suallar doğurur.


 


Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən məhkəmə qərarlarının icra olunmaması hüquqi məsuliyyət yaradır. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənmək üçün qarşı tərəfə sorğu ünvanlanıb.




Arzu