Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır.


 


Sfera.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib.


 


O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək.


 


Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. Bunlar rus bölməsinə tələbatın azalması və liseyin bilingval – Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi ilə bağlıdır.


 


O bildirib ki, rus dili tamamilə ləğv edilmir və bundan sonra ikinci xarici dil kimi tədris olunacaq:


 


“Biz təhsildə prioritetlərimizi yenidən müəyyənləşdiririk. Bu barədə ötən il ilkin mövqeyimizi bildirmişdik. Yeni təhsil modelimiz Azərbaycan və ingilis dilləri üzərində qurulub”,-deyə o söyləyib.


 


Direktor əlavə edib ki, hazırda rus bölməsində təhsil alan şagirdlər üçün heç bir dəyişiklik nəzərdə tutulmur:


 


“Mövcud şagirdlər 2-ci sinifdən etibarən əvvəlki proqram əsasında təhsillərini davam etdirəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci sinif şagirdlərinə şamil olunur”.


 


Bundan əlavə, iclasda daha bir yenilik də açıqlanıb.


 


Belə ki, yeni tədris ilindən etibarən 2-9-cu siniflərdə ingilis və rus bölmələrində təhsil alan şagirdlər Azərbaycan bölməsi üçün nəzərdə tutulan Azərbaycan dili dərsliklərindən istifadə edəcəklər. Bununla da bütün bölmələrdə Azərbaycan dili həftəlik 5-9 saat həcmində tədris olunacaq.