Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır. Lakin bu, yalnız Vaşinqtonun təzyiq və ya diktə xarakterli şərtlər irəli sürməyəcəyi halda mümkün ola bilər. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, bu bəyanat səthdə “yumşalma” kimi görünür, amma mahiyyət etibarilə diplomatik manevrdir:
“Tehran danışıqlara hazır olduğunu deyərək beynəlxalq ictimaiyyətə “konstruktiv tərəf” obrazı satır, Vaşinqtonun üzərinə isə “təzyiq göstərən tərəf” etiketi yapışdırır. Bu, klassik İran məktəbi, köhnə, amma işlək üsuldur. Reallıqda isə İran nüvə proqramını artıq elə mərhələyə gətirib ki, danışıqlar masası onun üçün risk yox, vaxt udmaq və mövqeni möhkəmləndirmək alətidir”.
Politoloq qeyd edib ki, ABŞ tərəfi də sadəlövh deyil. Onun sözlərinə görə, Vaşinqton bilir ki, “təzyiqsiz danışıqlar” Tehranın sanksiyalardan nəfəs alıb texniki olaraq daha da irəliləməsi deməkdir:
“Ona görə də ortada real yumşalma yox, iki tərəfin bir-birini diplomatik küncə sıxışdırmaq cəhdi var. Bir sözlə, bu bəyanat barış çağırışı deyil, oyun içində oyundur və bu oyunda kimin vaxtı bitirsə, masadan o qalxacaq”.
Niyaz Hacıyev
Sfera.az