İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və İsrail İrandakı iğtişaşlardan hərbi yolla nail ola bilmədikləri məqsədlərə çatmaq üçün istifadə etməyə çalışırlar.
Sual yaranır: İranda etirazlar və iğtişaşlar başa çatıb, yoxsa davam edir? ABŞ və İsrail planlaşdırdıqları hədəfə çata biliblərmi?
Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İsrail İranda gözləmədiyi nəticələrlə qarşılaşıb. Onun fikrincə, İran prezidentinin xalqa müraciəti və cəmiyyətin bu çağırışa geniş tərkibdə müsbət cavab verilməsi Vaşinqtonun planlarını boşa çıxarıb:
“Bu amil, əslində, İranla bağlı planlaşdırılan ssenarinin müəyyən mənada durğunluq mərhələsinə daxil olduğunu açıq şəkildə göstərir. Qısa müddətdə İranda nə rejim dəyişikliyinin, nə də hakimiyyətə ciddi təsir göstərə biləcək addımların atılması real görünmür. Çünki İran cəmiyyətinin sosial tərkibi və ictimai yanaşmaları bu cür ssenarilərin asanlıqla reallaşmasına hər zaman imkan vermir”.
Politoloq qeyd edib ki, bununla belə, dini rejimin sosial dayaqlarını zəiflədə biləcək addımların atıldığı da müşahidə olunur:
“İranda mövcud narazılıq istiqamətlərinin formalaşdırılması və dini miqyaslı etirazlar üzrə müəyyən təcrübənin yaradılması, gələcəkdə bu tip addımların daha intensiv şəkildə davam etdirilməsinə zəmin yarada bilər. Lakin indiki mərhələdə İranda real və əsaslı dəyişikliklərin əldə olunacağı ehtimalı zəifdir. Şübhəsiz ki, 12 günlük müharibə ciddi təcrübə oldu və bunu kəşfiyyat xarakterli qarşıdurma kimi dəyərləndirmək mümkündür. Ancaq yaxın perspektivdə İranla yeni hərbi qarşıdurmanın və ya əsaslı dəyişikliklərin müşahidə olunacağı gözlənilmir. Bununla yanaşı, islahatların həyata keçirilməsi və ictimai tələblər istiqamətində müəyyən dəyişikliklərin baş verməsi ehtimalı qalmaqdadır”.
Niyaz Hacıyev
Sfera.az