Araşdırmalara görə, gözlənilməz və tez-tez telefon zəngləri bəzi insanlarda stress və həyəcan hissini artırır. Mütəxəssislər bildirib ki, bu cür hallarda orqanizmdə stress hormonlarının səviyyəsi yüksəlir, ürək döyüntüsü sürətlənir və qan təzyiqində müvəqqəti artım müşahidə oluna bilər.
Araşdırmalarda vurğulanıb ki, telefon zəngləri birbaşa ürək xəstəliyi yaratmasa da, stressə meyilli, anksiyete və panik atak yaşayan, eləcə də yüksək təzyiq problemi olan şəxslər üçün bu təsirlər daha qabarıq hiss edilə bilər.
Bu zaman ürək döyüntüsünün sürətlənməsi, qan təzyiqinin yüksəlməsi və psixoloji gərginlik müşahidə oluna bilər. Uzunmüddətli stressin isə ürək-damar sistemi üçün risk faktoru olduğu artıq elmi ədəbiyyatda da təsdiqlənib.
Bəs, telefon zənglərindən yaranan stress ürək xəstəliklərinə yol aça bilərmi?
Sfera.az-a bu haqda açıqlama verən kardioloq Günay Rəhimovanın sözlərinə əsasən, gözlənilməz və tez-tez telefon zəngləri zamanı orqanizm bunu təhlükə siqnalı kimi qəbul edir.
“Bu zaman adrenalin və kortizol (stress hormonları) artır, ürək döyüntüsü sürətlənir, qan təzyiqi müvəqqəti yüksəlir, sinir sistemi isə qıcıqlanır. Bu reaksiyalar sağlam insanda qısa müddətlidir və adətən zərərsizdir. Telefon zəngi isə özü ürək xəstəliyi yaratmır”.
Mütəxəssis bəzi risk qrupuna daxil olan şəxsləri də qeyd edib:
“Tez-tez panik atak yaşayan, hipertoniya (yüksək təzyiq) olanlar, aritmiyaya meyilli şəxslər, xroniki stress altında olanlar daim risk qrupuna daxil olan şəxslərdir. Bu insanlarda tez-tez ürəkdöyünmə, təzyiqin yüksəlməsi, sinə sıxıntısı, narahatlıq hissi müşahidə oluna bilər. Uzunmüddətli stress isə təhlükəlidir. Çünki bu zaman damar daxili iltihabı artır ve hipertoniya, ateroskleroz, aritmiyalar üçün zəmin yaradır. Yəni problem zəng deyil, problem zənglərin yaratdığı davamlı stressdir. Bu problemin qarşısını almaq üçün titrəmə rejimindən istifadə etmək, vacib olmayan zənglər üçün geri zəng qaydasından, ciddi narahatliq varsa psixoloji dəstək almaq məsləhət görülür. Amma bu hallar tez-tez təkrarlanırsa mütləq kardioloqa getmək və müayinələrdən keçmək lazımdır”.
Bəsti Rəfizadə
Sfera.az