İsrailin hərbi-siyasi kabineti İran ətrafında sürətlə dəyişən vəziyyəti və ABŞ-la koordinasiya şəraitində mümkün hərbi hücum strategiyasına keçidi müzakirə etmək üçün bu gün toplaşacaq.
Sfera.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. Bildirilir ki, iclas Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək və əsas gündəm maddəsi İranla bağlı təhlükəsizlik riskləri, eləcə də preventiv hərbi addımların atılması ehtimalıdır.
Toplantı fonunda Nobel Sülh Mükafatı laureatı, iranlı hüquq müdafiəçisi Şirin Ebadi kəskin açıqlama ilə çıxış edib. O, İran hakimiyyətini ölkədə baş verən kütləvi qətlləri gizlətmək məqsədilə interneti kəsməkdə və informasiya blokadası yaratmaqda ittiham edib. Ebadi 8–9 yanvar tarixlərində azı 12 min nəfərin öldürüldüyünü iddia edən məlumatlara istinad edərək beynəlxalq araşdırmanın başlanmasına çağırıb.
Bu arada İranda davam edən kütləvi etirazlar beynəlxalq qurumların da diqqət mərkəzindədir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı artan zorakılığından dərin narahatlıq keçirdiyini bildirib. BMT mənbələrinə görə, ölənlərin sayı yüzlərlədir.
Hüquq müdafiə təşkilatları etirazlar zamanı 500-dən çox insanın həyatını itirdiyini açıqlayıb. İran rəsmiləri isə rəsmi rəqəmləri açıqlamasa da, real itki sayının daha yüksək ola biləcəyini dolayısı ilə etiraf ediblər.
Analitiklər hesab edirlər ki, daxildə artan etirazlar və beynəlxalq təzyiqlər fonunda İsrailin mümkün hərbi addımları regionda vəziyyəti daha da gərginləşdirə bilər. İsrail kabinetinin bu gün keçiriləcək iclası isə İranla bağlı mümkün hücum ssenarilərinin konkretləşməsi baxımından həlledici hesab olunur.
Altay