Ölkə ərazisində müşahidə olunan güclü qar yağışından sonra mütəxəssislər xüsusilə uşaqlar arasında geniş yayılmış “qar yemək” vərdişi ilə bağlı valideynlərə ciddi xəbərdarlıq edib. Bildirilir ki, qar göründüyü qədər təmiz və zərərsiz deyil.
Sfera.az bildirir ki, Düzce Atatürk Dövlət Xəstəxanasının pediatrı Dr. Özge Yurtseven qeyd edib ki, şəhər mühitində yağan qar hava çirkliliyi səbəbindən müxtəlif zərərli maddələrlə yüklənir. Onun sözlərinə görə, qar işlənmiş qazlara məruz qalır və tərkibində ağır metallar, bakteriyalar və mikroorqanizmlər toplana bilər.
Mütəxəssis vurğulayıb ki, yerə düşmüş qar daha böyük risk daşıyır:
“Yerdə yığılan qarda heyvan nəcisi, bakteriya və parazitlər ola bilər. Bu isə xüsusilə uşaqlarda ciddi sağlamlıq problemlərinə yol aça bilər. Buna görə də uşaqların qar yeməsini qətiyyən tövsiyə etmirik”.
Dr. Yurtseven uşaqların maraq səbəbilə qar yemək istəyə biləcəyini bildirib və valideynləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, əgər uşaq israr edərsə, yalnız təzə yağdığına əmin olunan çox az miqdarda qar dadına baxıla bilər. Lakin bu halda belə, sonradan ağız gigiyenasına ciddi şəkildə əməl olunmalıdır.
“Bir pediatr olaraq açıq deyirəm: qar yemək təhlükəsiz deyil. Ən düzgün və sağlam seçim onu ümumiyyətlə yeməməkdir”, – deyə mütəxəssis əlavə edib.
Altay