Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda görüş keçirərək “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin icra çərçivəsini açıqlayıblar.


 


Sfera.az erməni mediasına istinadən xəbər verir ki, aşağıda dərc edilən bu sənəd 2025-ci il avqustun 8-də Ağ Evdə əldə olunmuş öhdəliklərin həyata keçirilməsi istiqamətində yeni mərhələ kimi qiymətləndirilir və Cənubi Qafqazda davamlı sülhün təşviqinə xidmət edir.


 


İcra çərçivəsi TRIPP-in fəaliyyət mexanizmini konkretləşdirir və Ermənistan ərazisindən maneəsiz, multimodal tranzit bağlantısının yaradılmasını nəzərdə tutur. Layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Transxəzər ticarət marşrutunda mühüm həlqə formalaşdırmağı hədəfləyir. Gözlənilir ki, TRIPP beynəlxalq və daxili bağlantılar baxımından qarşılıqlı faydalar yaradacaq.


 


 


TRIPP-in icra çərçivəsi

 


Bu sənəd “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin icra çərçivəsini müəyyən edir və Ermənistan Respublikası və ABŞ üçün hüquqi öhdəlik yaratmır.


 


Ümumi baxış

 


Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Ermənistanın baş naziri və Azərbaycanın prezidenti birgə bəyannamə imzalayıblar. Bu sənəd daxili, ikitərəfli və beynəlxalq nəqliyyat əlaqələrinin açılması üçün əsas yaradıb. TRIPP-in icra çərçivəsi həmin bəyannamənin məqsədlərini inkişaf etdirir və layihənin həyata keçirilmə mexanizmini dəqiqləşdirir.


TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal tranzit bağlantısının yaradılmasını, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət prinsipləri əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verməyi hədəfləyir.


 
TRIPP vasitəsilə ABŞ-nin məqsədləri

 




8 avqust Birgə Bəyannaməsi əsasında davamlı sülhə doğru irəliləyişin təmin edilməsi;




Cənubi Qafqazda əlaqələrin, ticarətin və inteqrasiyanın açılması yolu ilə regional sabitliyin təşviqi;




Transxəzər regionunda bazarlara çıxışın və strateji təchizat zəncirlərinin genişləndirilməsi;




Rifaha əsaslanan sülh modelinin qlobal miqyasda təqdim edilməsi.




 
TRIPP vasitəsilə Ermənistanın məqsədləri

 




Ermənistanın regional tranzit və iqtisadi mərkəz kimi rolunun gücləndirilməsi;




İnfrastruktur sahəsinə xarici investisiyaların cəlb olunması;




Müasir sərhəd idarəçiliyi və ticarətin asanlaşdırılması institutlarının yaradılması;




Davamlı gəlir mənbələrinin formalaşdırılması;




ABŞ-lə strateji tərəfdaşlığın möhkəmləndirilməsi;




Regional inteqrasiyanın təşviqi;




Ermənistan məhsullarının yeni bazarlara çıxış imkanlarının artırılması.




 




Gözlənilən sosial-iqtisadi faydalar

 




Ermənistan vətəndaşları üçün yeni məşğulluq imkanları;




Yerli və beynəlxalq şirkətlər arasında birgə müəssisələrin yaradılması;




Texnologiya transferi və bilik mübadiləsi;




İşçi qüvvəsinin peşəkar bacarıqlarının artırılması;




Region daxilində yenidəninvestisiya proseslərinin sürətlənməsi.




 
Uğura dair öhdəliklər

 


Ermənistan TRIPP-i milli maraqlara xidmət edən strateji təşəbbüs kimi dəstəkləyir və layihənin uğurla icrası üçün:


 




TRIPP-in inkişaf şirkəti ilə tam əməkdaşlıq etməyi;




Dövlət qurumları arasında effektiv koordinasiya yaratmağı;




İcazə və tənzimləmə prosedurlarını sürətləndirməyi;




ABŞ tərəfdaşları ilə açıq dialoqu qorumağı;




Regional normallaşma prosesinə töhfə verməyi öhdəsinə götürür.




 
Sərhəd təhlükəsizliyi və gömrük nəzarəti

 


Bəyanatda vurğulanır ki, Ermənistanın sərhəd və gömrük fəaliyyətləri üzərində suverenliyi tam və müzakirəolunmazdır. Bütün proseslər beynəlxalq standartlara uyğun, “front office – back office” modeli əsasında həyata keçiriləcək. Dövlət funksiyalarının heç biri üçüncü tərəflərə ötürülməyəcək.


 
Təlim və institusional potensialın artırılması

 


Maliyyə imkanları daxilində ABŞ Ermənistanın sərhəd və gömrük personalının:


 




müasir texnologiyalar,




risklərin qiymətləndirilməsi,




informasiya sistemləri,




peşə etikası




sahələrində hazırlanmasına dəstək göstərməyi planlaşdırır.


 


Əzizə Zeynal