İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi İran xalqına və xüsusilə orduya növbəti sərt müraciət edib.


 


Modern.az xəbər verir ki, Rza Pəhləvi sosial şəbəkə hesabında yaydığı açıqlamada İranda davam edən etirazlara toxunaraq bildirib ki, artıq dünya İran xalqının səsini eşidib və hərəkətə keçib.


 


Onun sözlərinə görə, ABŞ Prezidentinin son mesajı da bunu açıq şəkildə göstərir:


 


“Dünya sizin igidliyinizi nəinki görüb və eşidib, artıq hərəkətə də keçib. ABŞ Prezidentinin mesajını yəqin ki, eşitmisiniz. Kömək yoldadır. Mübarizəni dayandırmayın".


 


Rza Pəhləvi rejimi sərt tənqid edərək vurğulayıb ki, hakimiyyət ölkədə həyatın normal olduğu görüntüsünü yaratmağa çalışır, lakin buna imkan verilməməlidir:


 


“Bu rejimlə aramızda artıq qan dənizi var. Edilən bütün cinayətlərin məsuliyyəti daşıyıcılarının adları qorunmalıdır. Onlar gec-tez cinayət məsuliyyətinə cəlb olunacaqlar".


 


Müraciətin ən diqqətçəkən hissəsi isə İran ordusuna ünvanlanan çağırış olub. Rza Pəhləvi hərbçilərə səslənərək bildirib:


 


“Siz İranın milli ordusunun üzvlərisiniz, İslam Respublikasının yox. Sizin borcunuz öz soydaşlarınızın həyatını qorumaqdır. Çox vaxtınız yoxdur. Mümkün qədər tez xalqın tərəfinə keçin".


 


Bu çağırış regionda gərginliyin daha da artacağına dair ehtimalları gücləndirib və sosial şəbəkələrdə geniş rezonans doğurub.


 


Altay