ABŞ-nin İrana mümkün hərbi zərbə planları ilə bağlı yeni detallar ortaya çıxıb. Məlumata görə, Vaşinqton belə bir ssenari reallaşacağı təqdirdə vurula biləcək hədəflərlə bağlı Avropadakı müttəfiqlərindən kəşfiyyat məlumatları istəyib.




Avropalı rəsmilərin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası yanvarın 12-də İran ərazisindəki potensial hərbi və strateji obyektlər barədə məlumatların paylaşılmasını tələb edib. Hazırda İranın nüvə obyektlərinə zərbələrin endirilməsi ilə bağlı konkret qərarın verildiyini göstərən açıq əlamətlər olmasa da, məsələ Vaşinqtonun gündəmində qalmaqda davam edir.


 


Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı yüksəkdir və bunun üçün ciddi hazırlıqların görüldüyü müşahidə olunur.


 


Onun sözlərinə görə, artıq dünən ABŞ-dən verilən açıqlamalar da bu ehtimalı gücləndirir:




“ABŞ Prezidenti Donald Tramp İrandakı üsyançılara müraciət edərək onları dövlət binalarını fəal şəkildə ələ keçirməyə çağırıb və Vaşinqtonun onlara yardım edəcəyini bildirib. Bu açıqlamalar ABŞ-nin yenidən İrana qarşı havadan hücum əməliyyatlarına başlaya biləcəyini göstərir. Həm ABŞ, həm də İran tərəfində ciddi hazırlıqlar aparılır və ehtimal olunur ki, bu əməliyyatlar bir neçə gün ərzində reallaşa bilər. Bu prosesdə kəşfiyyat məlumatlarına ciddi ehtiyac yaranır və ABŞ bu məqsədlə Avropadakı müttəfiqlərinə müraciət edəcəyi yəqindir”.


 





Politoloq qeyd edib ki, Böyük Britaniya, Almaniya və Fransa kimi dövlətlərin bu məsələdə ABŞ-yə dəstək verəcəyi istisna edilmir:




“Lakin aydındır ki, bu ölkələr də İranın gələcəyində söz sahibi olmaq niyyətindədirlər, çünki ölkə böyük neft və qaz ehtiyatlarına malikdir. ABŞ-la yanaşı Avropa dövlətləri də bu prosesdə iştirak etmək istəyirlər və bu səbəbdən öz kəşfiyyat məlumatlarını Vaşinqtonla paylaşa bilərlər. Yaxın dövrdə İrana qarşı hərbi əməliyyatların reallaşması ehtimalı qalmaqdadır. Ümumilikdə Qərb dünyası hazırda İranla paralel mövqe nümayiş etdirir. Məsələn, Almaniya hökumətinin ötən gün verdiyi açıqlamada İranın legitimliyinin tanınmadığı bildirilib ki, bu da Qərb dövlətlərinin İrana qarşı əməliyyatlara hazırlaşdığını göstərir”.


 


Niyaz Hacıyev

Sfera.az