ABŞ-nin İsraildəki səfiri Mayk Hakkabi "Sky News" telekanalına müsahibəsində bildirib ki, ABŞ İranda rejim dəyişikliyinə dəstək vermək və ya hərbi əməliyyat başlatmaq niyyətində deyil . Onun sözlərinə görə, Vaşinqton İranda hakimiyyət dəyişikliyini sürətləndirməyə çalışmır. 


 


Bəs əgər ABŞ İranda rejimin dəyişməsini istəmirsə, əsl məqsədi nədir?




Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar bildirib ki, ABŞ-nin rəsmi şəkildə “rejim dəyişikliyi istəmirik” mesajı verməsi əslində Vaşinqtonun İrana dair daha çox, riskləri hesablayan strategiyasını ortaya qoyur. 


 


Onun sözlərinə görə, rəsmi ritorika daha çox sabitliyin idarə olunmasına və təhlükəli ssenarilərin qarşısının alınmasına fokuslanır:




“Rəsmi Vaşinqton üçün əsas məqsədlərdən biri İranın nüvə proqramının nəzarət altında saxlanılmasıdır. İranın nüvə silahı məsələsi, Qərbin maraqlarına təhlükə yaradan addımları əsas narahatlıq mənbəyidir. Bu kontekstdə ABŞ təzyiq, sanksiya və diplomatik alətlər vasitəsilə Rəsmi Tehranı təzyiq etməyə çalışır, lakin sistemi birdən-birə dağıtmağı hədəf alan açıqlamaları riskli hesab edir. ABŞ üçün Körfəz ölkələrinin sabitliyi və enerji marşrutlarının qorunması prioritetdir”.


 





Politoloq qeyd edib ki, ABŞ İranda daxili proseslərin xarici müdaxilə ilə deyil, daxili dinamika nəticəsində formalaşmasını üstün tutur:


 


“Rəsmi Vaşinqton hesab edir ki, açıq rejim dəyişikliyi çağırışları İran hakimiyyətinə daxili etirazları “xarici düşmən” narrativi ilə boğmaq imkanı verir. Bu baxımdan ABŞ daha çox iqtisadi və siyasi təzyiq yolu ilə cəmiyyət daxilində dəyişiklik potensialının artmasına ümid edir.

Rəsmi Vaşinqtonun yanaşmasına görə, İranda açıq şəkildə rejim dəyişikliyi çağırışları səsləndirmək Tehranın əlini gücləndirən amilə çevrilir. İran hakimiyyəti bu cür çağırışları dərhal daxili auditoriyaya “xaricdən idarə olunan plan”, “ABŞ və Qərbin sui-qəsdi” kimi təqdim edir və bununla da etirazları milli təhlükəsizlik məsələsinə çevirir. Nəticədə sosial-iqtisadi narazılıq fonunda meydana çıxan etiraz dalğaları ideoloji müstəviyə daşınır, hakimiyyət sərt tədbirləri legitimləşdirmək üçün cəmiyyətin bir hissəsini səfərbər etməyə çalışır. ABŞ məhz bu mexanizmin illərdir uğurla işlədiyini nəzərə alaraq açıq rejim dəyişikliyi ritorikasından yayınmağa çalışır”.




Ü.Zülfiqar onu da nəzərə çatdırıb ki, ABŞ İranda dəyişiklik potensialını ani inqilabda deyil, mərhələli transformasiyada görür. Yəni, bu cür daxildən gələn təzyiq daha legitim və daha davamlı dəyişiklik ehtimalı yaradır.




Firuzə Əliyeva

Sfera.az