Çin, gərginliyin davam etdiyi bir vaxtda Tramp administrasiyasının İrana yanaşmasını tənqid edərək, birtərəfli təzyiqə qarşı xəbərdarlıq edib. Çin səfirliyi bildirib ki, Pekin hər hansı qanunsuz birtərəfli sanksiyalara və uzunmüddətli yurisdiksiyaya qəti şəkildə qarşı çıxır və öz maraqlarını qorumaq üçün "bütün zəruri tədbirləri" görəcək.


 


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin hakimiyyəti ABŞ-nin İranın daxili işlərinə mümkün müdaxiləsinə qarşıdır. Rəsmi nümayəndənin sözlərinə görə, Pekin Tehranın milli sabitliyi təmin etmək səylərini dəstəkləyir.


 


Bütün bu xəbərdarlıqlar fonunda Çin ilə ABŞ arasında gərginlik yarana bilərmi? İran məsələsi iki dövlət arasında münasibətlərə necə təsir edəcək?


 


Sfera.az-a bu haqda açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslının fikrincə, Çinlə Amerika arasında gərginlik hər zaman müşahidə olunub. Onun sözlərinə əsasən, bu, daha çox iqtisadi yöndə özünü göstərib, çünki maraqlar toqquşur:


 



 


 “Eyni zamanda xarici siyasətdə də üst-üstə düşməyən maraqlar var. Xüsusilə də Çinlə Rusiya arasındakı müəyyən qədər yaxınlaşma təbii ki, ABŞ ilə soyuq münasibətləri doğurur. Amma istənilən halda Çin tərəfinin açıqlamasında kifayət qədər həqiqət payı var. Əlbəttə ki, qonşu İranda baş verənlər ürək ağrıdan mənzərədir. Rejimin iqtisadçılara qarşı bu cür zorakı üsullardan istifadə etməsi, onları qətlə yetirməsi, həbs edilənlər barədə edam hökmü çıxarması qəti şəkildə yol verilməzdir və bu, beynəlxalq cinayətdir. Amma bu da bir reallıqdır ki, İrandakı etirazların arxasında Amerikanın, eləcə də İsrailin dayandığı heç kəsə sirr deyil. ABŞ çalışır ki, daxildən İranda hakimiyyət dəyişikliyinə nail olsun. İndiki durumda bu bir qədər çətin görünür, çünki İran heç də bəzilərinin söylədiyi kimi deyil və son proseslər də bunu göstərdi”.


 


Ekspertin fikrincə, Çin tərəfinin açıqlamasında İranın daxili işlərinə qarışmamaq yönündə verilən fikirlər doğrudur:


 


“Amma bir məsələni də unutmayaq ki, burada Amerikanın maraqlarının fərqli olduğu da heç kəsə sirr deyil. Baş verənlərdən sui-istifadə cəhdləri var. Venesuelada baş verənlərin ardınca İranda da bu proseslər təkrarlana bilər. Amma hesab edirəm ki, İran Venesuela deyil və İrana qarşı bu cür addımın atılması, onun rəhbərinin, daha doğrusu ali dini liderin oğurlanma ehtimalı kifayət qədər aşağı görünür. Doğrudur, qeyd oluna bilər ki, İsrail hücum edəndə İranın ən yüksək rütbəli generallarını bir gecədə sıradan çıxardı.


 


Amma bu məsələ tamamilə fərqlidir. İran, təbii ki, onun üçün acı olan həmin praktiki təcrübədən yararlanıb və bir daha hər hansı bir səhvə yol verməyəcək. Görünən odur ki, İran hazırlıqlı vəziyyətə gətirilib. İrandakı sosial duruma etiraz edənlərin haqlı tərəfləri çoxdur. Amma ABŞ İrandakı bu proseslərdən yararlanaraq, özünə yaxın bir siyasətçini orada hakimiyyətə gətirməkdə israrlıdır. Eyni zamanda İrandakı mövcud rejimi, yəni molla rejimini devirmək istəyir. Çünki 1979-cu ildəki məğlubiyyətin əvəzini çıxmaq və həmin rejimi geri qaytarmaq düşüncəsindədir. Bu, Rza Pəhləvi olmaya da bilər. Amma necə deyərlər, Rza Pəhləvilər Amerikanın əlində çoxdur. Pekinin verdiyi bu açıqlamalarda kifayət qədər həqiqət tərəflərini axtarsaq, onları görə bilərik”.


 


Bəsti Rəfizadə


Sfera.az